Amal
ABUŞOV
2014-cü
ilin oktyabrında Kaxaber Sxadadzenin iştirak etdiyi mətbuat konfransında
qalmaqal yaşanmışdı. Xatırlayanlar bilir, həmin vaxt Azərbaycan premyer-liqası
xeyli gərgin və maraqlı keçirdi. "Qarabağ”la "Neftçi”dən başqa, "Bakı”, "Xəzər
Lənkəran” və "Qəbələ” çempionluq uğrunda mübarizə aparırdı. Sözsüz, gürcünün
çalışdırdığı "İnter” də bu çempionluq yarışının önəmli simalarından sayılırdı.
Bir
tur ərzində azı 3 oyunu bilavasitə stadiondan izləyərdim, yorulmazdım,
usanmazdım. Mətbuat konfranlarında xeyli idman jurnalisti olurdu, maraqlı
sual-cavablara, mübahisələrə şahid olurduq. İndi xatırlatdığım həmin mətbuat
konfransında da Sxadadze ilə aramızda mübahisə baş vermişdi, gərginlik
yaranmışdı. Bu mübahisəyə həmkarlarımın da qatılması məsələni xeyli böyütmüşdü
və günlərlə idman mediasının gündəmini məhz həmin mətbuat konfransında başverənlər
tutmuşdu. Kimisi gürcü çalışdırıcının tərəfini tuturdu, başqa bir qism isə
bizim haqlı olduğumuzu deyirdi. Mən demokratiyanın, söz azadlığının tərəfdarıyam.
Ona görə də əleyhimizə danışanlardan belə incimirdim. Hər kəsin öz fikri,
yaşananlara öz baxış bucağı var idi. Təəssüf ki, indi belə hadisələr xeyli uzaq
keçmişdə qalıb. Nə çempionluq uğrunda mübarizə aparan həmin o komandalar var, nə
də Kaxaber Sxadadze kimi səviyyəli və qalmaqal sevən məşqçilər.
Bəs həmin
gün nə baş vermişdi? Mən nə üçün 6 il geriyə qayıdıb, həmin o qalmaqallı mətbuat
konfransını xatırladıram? Əsla kimin günahkar olub-olmadığını araşdırmaq
fikrində deyiləm. Sözümün canı başqadı. "İnter”in Sxadadzenin rəhbərliyi
altında müdafiəyəmeyilli oynadığı, bunun sayəsində də nəticə qazandığı heç kimə
sirr deyildi. Bol qollu, hücum elementləri ilə zəngin oyunun vurğunu olduğum
üçün gürcüstanlı mütəxəssisin taktikasını, "İnter”in sərgilədiyi futbolu heç bəyənmirdim.
Buna görə də ara-sıra Sxadadzeni tənqid atəşinə tuturdum. Həmin mətbuat
konfransındakı qığılcım da məhz bu səbəbdən baş verdi. "İnter”in "Qarabağ”la
qarşılaşması 0:0 hesabıyla başa çatmışdı.
Maraqlıdı
ki, bu heç-heçə "İnter”in iştirakıyla keçirilən ardıcıl üçüncü qolsuz oyun idi.
Özü də hər üç görüşdə "İnter” iddialı komandalarla qarşılaşmışdı. Çempionluq
yolunda əsas rəqiblərini məğlub etmək həvəsi "İnter”ə güc gəlməmiş, Sxadadzenin
tapşırığına riayət edən futbolçular daha çox qapının toxunulmazlığının qeydinə
qalmışdılar. Mənim də sualım məhz bu barədə idi. Sxadadzedən soruşurdum ki, nə
üçün onun komandası əsas rəqibini məğlub etməyə, onları büdrətməyə, qol vurmağa
çalışmır?! Sual gürcü mütəxəssisin xoşuna gəlmədi və qəzəbini gizlətməyərək "rəqiblər
bizə qol vura bilirlər? Onlar da bizi məğlub etmirlər” dedi.
Taleyin
bizə istehzasıdı ki, indi Azərbaycan millisinin nəticələri eynilə Sxadadzenin
çalışdırdığı "İnter”i xatırladır. Sadəcə, iki fərq var. Biri odu ki, "İnter”in
qarşısında konkret turnir hədəfləri var idi. "Bankirlər” əsas rəqiblərini
udmasalar da, onlara uduzmurdular, bir növ balansı saxlayırdılar. Daha zəif rəqiblərlə
oyunlarda isə büdrəmir, bununla da xal ehtiyatını artırır və mükafatçılar
arasında özünə yer edirdi. Yəni "İnter” üçün məqsədə aparan yolda istənilən
vasitə məqbul sayılırdı. Millinin qarşısında isə belə turnir hədəfi dayanmırdı.
Daha doğrusu, Millətlər Liqasında yalnız bir hədəf vardı ki, o da qrup
birincisi olmaq idi. Elə ilk turda Lüksemburqa uduzduq və məlum oldu ki, biz bu
qrupda ilk pilləni tuta bilməyəcəyik. Sonrası artıq normal futbol oynamaq və gələcəyin
planlarını qurmaq idi. Amma yığma Canni De Byazinin rəhbərliyi altında bunu da
bacarmadı. Nə qol vurmağı öyrəndik, nə də normal hücum qurmağı. Özü də
qarşımızda düz-əməlli rəqib də yox idi ki, özümüzü ovunduraq. İkinci fərq isə
"İnter”in klub olmasıdı. Bu klubun rəhbərliyi gürcü çalışdırıcını gətirərkən
qarşısına tapşırıqlar qoymuşdu. Ədalət naminə qeyd etməliyik ki, Sxadadze
komandasına cansıxıcı futbol oynatsa da, onun "İnter”i hədəflərə çatmağı
bacarırdı. De Byazi isə klubun yox, milli komandanın məşqçisidi. Onun məsuliyyəti
təkcə AFFA rəhbərliyinin yox, həm də azərbaycanlı azarkeşlərin qarşısındadı. Bu
boyda ölkənin komandasının zəiflərin yer aldığı qrupda belə mənasız oyun sərgiləməyə,
6 oyunda iki qol vurmağa mənəvi haqqı yoxdu.
Artıq
siz də bilirsiz ki, millimiz italyan mütəxəssislər qrupunun (millidə De Byazidən
başqa daha 4 həmyerlisi çalışır) "zəhməti” sayəsində 14 illik antirekordunu təkrarladı.
Sonuncu dəfə 2006-cı ildə millimiz indiki kimi rəqiblərin qapısına iki dəfə yol
tapa bilib. De Byazi sağ olsun. AFFA-nın uğurlu və uzaqgörən siyasəti sayəsində
o da Nikola Yurçeviç kimi bizi geriyə qaytardı, keçmişə səyahət etdik. Hələ irəlidə
daha "gözəl günlər” görəcəyik. Buna şübhəm yoxdu. Millimizin De Byaziylə göstərdiyi
oyun, əldə etdiyi nəticələr mənə məşhur bir tamaşadakı səhnəni fərqli formada
xatırlatdı. Lütfəli Abdullayevlə Bəşir Səfəroğlunun o məşhur dialoqu yadınızda
olar: "Vur-vurum!” De Byazi də rəqiblərinə belə təklif edir: "Vurmayın, biz də
vurmuruq!”
Mənbə:
"Futbol+” qəzeti