“Xəzər Lənkəran” dəyişməlidir!

“Xəzər Lənkəran” dəyişməlidir!


...hardan başlamalı?

Amal ABUŞOV

Rəsmi rəqəmlərə görə "Xəzər Lənkəran”ın "Qarabağ”la qarşılaşmasını 6000 futbolsevər "Fırtınalar meydanı”n tribunalarından canlı izləyib. Azərbaycan standartları üçün kifayət qədər ciddi rəqəm sayılmalıdı. Bundan artığını bizim stadionlarda ancaq avrokubok qarşılaşmalarında görmək mümkündü. Üstəlik, nəzərə almaq lazımdı ki, Orxan Məmmədovun start fiti səslənərkən iş gününün sona çatmasına bir saat qalırdı. Deməli, azı 3-4 min nəfər Lənkəran stradionuna gəlməyə imkan tapmayıb. Sözsüz ki, tribunada olanların mütləq əksəriyyəti "Xəzər Lənkəran”a könül verənlər olub. Belədə bu qədər azarkeşin evinə başıaşağı, məğlubiyyətin üzüntüsüylə yollanması xeyli düşündürücüdü.

Bir-birinə layiqli mübarizə təklif edən klubların baxımlı futbola üstünlük verməsi alqışlanmalıdı. Könül istərdi ki, belə oyunların sayı da çox olsun. Hər klubun özünün strateji maraqları, turnir hədəfi olur. Bu mənada nə Oğuz Çətinə, nə də Qurban Qurbanova "niyə hər oyunda belə çox qollar vurmursuz” sualını ünvanlamaq yersiz olar. Odu ki, bolqollu qarşılaşmaları hər tur izləmək arzumu bir tərəfə buraxıb, "Xəzər Lənkəran”ın mövcud durumunu saf-çürük etməyə çalışacam.

Şehiç kimi qapıçısı, Rəşadla Bədavi kimi mərkəz müdafiəçisi olan bir komandaya iki qol vurmaq hünərdi. Amma bunun qarşılığında öz qapında daha artığını görürsənsə, "harda səhvə yol verdim” sualı üzərində baş sındırmağa dəyər. Bilirəm ki, bu sualı Oğuz hoca da beynində fırladıb, cavablarını da çoxdan tapıb.

Futbol komanda oyunu olsa da, fərdi səhvlər bu oyunda böyük önəm daşıyır. Ən çox da müdafiə xəttində yer alanlar tərəfindən səhv buraxılanda fəsadları daha ağır olur. Amma əyri oturaq, düz danışaq: "Xəzər Lənkəran”ın nə "Qarabağ”dan aldığı məğlubiyyətə, nə digər yenilgilərdə tək suçlu müdafiəçilər deyil. Turnir cədvəlinə baxıram, rəqiblərini 21 dəfə məyus edən "gəmiçilər” öz qapılarından keçən 19 qola üzülüblər. Vurulan və buraxılan qolların sayı təxminən eynidi. Belə çıxır ki, "Xəzər Lənkəran”da taktiki planda axsama var. Komanda rəqiblərə qarşı düzgün strategiya qurmağı, min bir əziyyətlə vurduğu qolun qiymətini bilməyi bacarmır. Elə rəqiblər var ki, onlarla oyunda bir qol vurmağın özü hünərdi. Ən azından çalışmalısan ki, həmin o bircə qolu qələbə üçün yetərli etməyi belə bacarasan. Bu isə daha çox məşqçinin taktiki gedişlərindən, futbolçularına aşıladığı konkret hədəflərdən asılıdı.

Bəli, hər bir oyuna qələbə üçün çıxılır. Əsas odu ki, həmin qələbəni əldə etməyə hazırlıqlı olasan. Axı, qarşındakı rəqib də eyni düşüncəylə səni büdrətməyə çalışır. "Qəbələ”ni üç dəfə məyus etməyi bacaran komanda bir tur sonra daha zəif "Bakı”nın qapısına yol tapa bilmirsə, problemin kökünü daha dərində axtarmaq lazımdı. Sonradan məlum olur ki, "Bakı”yla oyun ərəfəsində maaşlarını alan futbolçularla rəhbərlik arasında fikir ayrılığı yaranıb, bəzi legionerlər maaşlarının kəsilməsinə etiraz ediblər.

Atalarımız "şərti şumda kəsin ki, xırmanda yabalayaşmayasız” deyiblər. Blajevskiylə İvanovun müqaviləylə bağlı olduqları klubun düşərgəsini qəfil tərk etməsi, hətta vətənlərində yeni iş yeri axtarması xeyli təzadlı məqamdı. Diqqət yetirmişəm, legionerlərlə ən çox başı ağrıyan klubumuz elə "Xəzər Lənkəran”dı. Yoxsa, əcnəbilərlə müqavilə bağlanarkən hansısa boşluqlar buraxılır, onların sonradan cığallıq etməsi üçün əlyeri qoyulur?

Azərbaycan çempionatının oyunlarını izləyənlərin əksəriyyəti fikrimlə razılaşar ki, cənub klubu meydanda gözə xoş gələn, baxımlı futbol sərgiləyir. Amma nəticələr həmin baxımlı oyuna uyğun olmur. Deməli, qış fasiləsində "Xəzər Lənkəran”da köklü dəyişikliklərə əl atılması, həm meydanda, həm də ondan kənarda baş verənlərə daha diqqətli yanaşılması labüddü. Düzdü, yeniliklər həmişə olur. Amma ən vacibi nəyin və nələrin dəyişməsi, dəyişikliklərin hardan başlamasıdı.

Ümid edək ki, klub başbilənləri bu dəfə yanılmayacaqlar.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR