Xorvatiyanın baş məşqçisi:

Xorvatiyanın baş məşqçisi: "Hədəfimiz final mərhələsinə vəsiqə qazanmaqdı"

"Sabah ilk növbədə ciddi oynamalı, qarşılaşmaya ciddi yanaşmalıyıq. Slovakiyaya qarşı oyun kimi ciddiliyi qorusaq, müsbət nəticə qazanarıq. Çətin olacaq, səbrli davranmaq lazımdır. Qələbə üçün lazımi performansı göstərməliyik. Xalsız olması rəqibin zəif olmasından xəbər vermir".

Sport7.az xəbər verir ki, bunları Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, oyuna yaxşı başlamaq onlar üçün önəmlidir: "Komandanı eyni səviyyədə saxlamaq baş məşqçi üçün çətin işdir. Azərbaycan millisi yaxşı komandadır. Oyuna yaxşı başlamalıyıq. Əks halda çətinlik çəkəcəyik. Slovakiya ilə görüşlə müqayisədə heyətdə ciddi dəyişiklik etməyi düşünmürük. Dəyişiklik olsa da, cüzi olacaq".

Daliç heyətdəki bəzi itkilərin onların oyununa mənfi təsir etməyəcəyini deyib: "Komanda olaraq məqsədimizi bilirik. Hədəfimiz final mərhələsinə vəsiqə qazanmaqdır. Statistikanı ciddiyə almırıq. Fikrimcə, 15 xal toplasaq, AVRO-2020-yə vəsiqə qazanacağıq. Heyətdəki itkilər komandamıza ciddi təsir etmir. Slovakiyanı səfərdə 4:0 hesabı ilə udduğumuz oyunda da itkilər vardı. Əlimizdə olan futbolçulara güvənirik". (report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR