"Xoşbəxtlik romanı" Romantsevlə bitənlər

Biz azərbaycanlılarda, xüsusilə də futbola böyük marağın olduğu Bakıda çox müşahidə etdiyim bir hal mövcuddur: nədənsə burada rus klubları içərisində ən çox tənqid olunan, ən çox nifrətə (azarkeşlik mənasında) məruz qalan klub "Spartak"dır. Hətta çoxumuzun ailəsində "Spartak" hökümətin komandası olub, "Spartak"ın arxasında həmişə dövlət dayanıb, onlar "profsayuz"dan bizim pulumuz hesabına maliyyələşiblər" deyənlər də çoxdur. Sözsüz ki, bu kəlmələr kapitalizmdə, xüsusilə ərəblər və çinlilərin sərmayəsinin futbol dünyasını ağuşuna aldığı dövrdə öz anlamını itirməkdədir.

Mənim isə futbola baxdığım ilk illərdən etibarən bu kluba qarşı böyük rəğbətim olub. Yəqin ki, rus klubları içərisində məhz "Spartak"a qarşı olan meylimin ən böyük səbəbi futbola baxmağa başladığım dövrdə rus klubları arasında Avropa arenasında nisbətən atını çapdıranın məhz "qırmızı-ağlar" olması idi. Amma o da gül kimi aydın idi ki, bu atın çapdığı oyun "qardaş" Kiyev "Dinamo"sunun sərgilədiyi oyununun kölgəsində qalırdı. Əsəs səbəb isə uzun illər kiyevlilərin başında dayanan "futbol dünyasının akademiki” Lobanovskinin yaratdığı dəsti-xətt və həmin dəsti-xəttin "məhsulları” idi. 

Rusiya "Spartak"ının da öz "Lobanovski"si var idi. Daim öz xarizması, klubda yaratdığı ab-hava ilə seçilən, ən əsası isə həmişə oturduğu məşqçi skamyasından ekranlar önünə öz zəhmli görüntüsündən əvvəl gələn damağındakı siqaretinin ağ tüstüsü ilə məşhur olan Oleq Romantsevdən söhbət gedir. O, hələ SSRİ dağılmazdan əvvəl "Spartak"ın baş məşqçilik postuna gətirilmişdi. Gəldiyi ilk ildəcə isə komandanı SSRİ çempionu etmişdi. 

Romantsevin "Spartak"dakı ilk məşqçilik dönəmi 1989-cu ildən 1995-ci ilə kimi davam edib. Sözügedən 6 il ərzində Moskva klubu 1 dəfə SSRİ çempionatı (1989), 1 dəfə SSRİ kuboku (1991/1992), 3 dəfə Rusiya çempionatı (1992, 1993,1994), 1 dəfə isə müstəqil Rusiya kubokunun (1993/1994) qalibi olub. 1996-cı ildə klubun başına gətirilən Georgi Yartsev "Spartak"ı ölkə çempionu edəndən sonra yenidən baş məşqçilik postundakı yerini təhvil aldığı Oleq Romantsevə qaytarıb.

Romantsevin Moskva klubunndakı ikinci dönəmi də 6 il (1997-2003-cü illər) davam edib. Bu illər ərzində "Spartak" 5 dəfə Rusiya çempionu (1997, 1998, 1999, 2000, 2001), 2 dəfə isə Rusiya kubokunun sahibi (1997/98, 2002/2003) olub. 1998-ci ildə "qırmızı-ağlar" UEFA kubokunda yarımfinal mərhələsinə kimi gəlməyi bacarsa da, onların qarşısını sonradan turnirin qalibi olan Milan təmsilçisi "İnter" kəsmişdi. Ümumilikdə "Spartak"da işlədiyi 12 il ərzində Romantsev 13 kubok qazanıb. Halbuki onun dönəmindən sonra onlarla yeni baş məşqçi təyin olunsa da, onlar arasında sadəcə italiyalı mütəxəssis Massimo Karreranın dönəmində komanda uzun müddətdən sonra ölkə çempionu olmağı bacarıb. Oleq 8 dəfə "Rusiyanın ən yaxşı baş məşqçisi” adına layiq görülüb.

Rusiya flaqmanının "qızıl dönəmi” (1992-2003-cü illər) məhz onun adı ilə bağlıdır. Romantsev işini nəinki baş məşqçilikdə, həmçinin 1993-2002-ci illərdə klubun prezidentliyi postunda çalışdığı periodda da uğurlu olub. Onun qazandığı 13 kubokun 10-u məhz klub prezidentliyi dövrünə təsadüf edir. Romantsevin "Spartak"dakı fəaliyyəti dönəmində müasir Rusiya futbolunun parlaq simaları Andrey Tixonov, İqor Titov, İlya Çımbalar, Aleksandr Filimonov, Dmitri Aleniçev kimi onlarla dünya səviyyəli futbolçu yetişib və adından söz etdirib.

Geridə qalan 16 il ərzində istər baş məşqçi, istərsə də klub prezidenti kimi Romantsevin təməlini atdığı bu yolun layiqli davamçısı yoxdur.   

15 iyun 2003-cü ildən etibarən xoşbəxt "Spartak"ın 14 illik "xoşbəxtlik romanı" Romantsevlə bitib...

Qeyd: Yazı "Spartak"ın yaranmasının 97-ci il dönümünə həsr olunub.

OXŞAR XƏBƏRLƏR