Yalana doymayan adam

Yalana doymayan adam



Foqts bizi daha nə qədər aldadacaq?

Amal Abuşov


Bir gecədə iki üzüntü yaşadıq. Azərbaycan İtaliyaya, qardaş Türkiyə millisi isə evində Çexiyaya uduzdu.

Məğlubiyyətdən sonra Berti Foqtsla Fatih Terimin açıqlamalarını oxudum. Hər ikisi valı ilişən qramafonlar kimi köhnə bəhanələrini təkrarlayıblar. Adamların fantaziyası təzə nəsə düşünməyə, məğlubiyyətlərinə yeni don geyindirməyə belə acizdi.

"İmperator” ləqəbinin gətirdiyi şöhrəti xərcləməyə davam edən Fatih hocanın fikirlərinə münasibət bildirməyi qardaş ölkənin idman yazarlarının öhdəsinə buraxaq. Görək, hiyləgərlikdə tayı-bərabəri olmayan Berti Foqtsun ağzından nə tökülüb.

Palermodakı mətbuat konfransında iştirak edən həmkarlarımız qeyd edirlər ki, herr Berti məğlubiyyəti faciəyə çevirməyərək "biz İtaliya ilə 2008-ci ildə oynasaydıq 0:5 hesabıyla uduzardıq” deyib.

Əlbəttə, alman çalışdırıcı vurğunu məhz həmin ilin üzərinə əbəs yerə qoymayıb. Bununla da o Azərbaycanda çalışmağa başladığı ildən bri yüksəlişə nail olduğunu iddia edir, onun gəlişinə qədər futbolumuzun bərbad vəziyyətdə olmasını "gözə soxur”.

Hamımıza məlumdu ki, millimiz 12 il bundan əvvəl də İtaliya ilə qarşılaşmış və heç o vaxt da Foqtsun iddia etdiyi hesabla uduzmamışdı. Onda Azərbaycan futbolunda indiki kimi milyonlar dövr etmirdi, hələ "peraşki” dövrünü arxada qoymamışdıq. Herr Berti onun komandasının cəmisi bir ay bundan əvvəl Rusiyaya 0:4 hesabıyla boyun əyməsini nə tez unutdu?

2002-ci ildə Vaqif Sadıqovun çalışdırdığı yığma 10 günlük təlim-məşq toplanışlarını, çarter reysiylə səfərə çıxmağı və "beşulduzlu” otellərdə gecələməyi heç yuxusunda da görmürdü. Foqts unutsa da, biz onun çalışdırdığı komandanın Almaniyadan və İspaniyadan 6 top buraxmasını, Lixtenşteyn və Lüksembrq kimi "cırtdanları” məğlub edə bilməməsini unuda bilmərik.

Bütün bunların uzaq keçmişdə olduğunu iddia etmək fikrində olanlar avqust ayında özbək yeniyetmələrlə cansıxıcı oyunu xatırlasınlar. Komandanı gəncləşdirdiyini iddia edən almaniyalı qoca rəqəmlərə diqqət yetirməyə belə həvəslidisə, oyunun statistikasına da baxsın. Onun çalışdırdığı komanda 90 dəqiqə ərzində Buffonun qoruduğu qapıya cəmisi bir zərbə endirib.

Foqts utanmasa da, biz öz millimizə, əynində üçrəngli bayrağımız əks olunan forma daşıyan futbolçulara görə utanırıq.

Millinin hücum potensialını, qol vurmaq bacarığını bir kənara qoyuram. Alman çalışdırıcı yetirmələrinə səliqəli müdafiə olunmağı belə öyrədə bilməyib. Kyellini özünün 3-cü, komandasının isə 2-ci qolunu vuranda neçə metrədən gəlib topu başıyla "çərçivə”yə göndərdi? Qapısından belə qol buraxan komandanın məşqçisi də utanmırsa, onun yerinə kim utanmalıdı?

Razıyam ki, İtaliya güclü komandadı, bizim onlara qarşı ehtiyyatlı oynamağımız, müdafiəyə böyük diqqət ayırmamız vacibdi. Amma bu qədər də yox. Öz cərimə meydançasının həndəvərinə toplaşıb topu ora-bura vurmaq, çətin məqamlarda "dəri kürə"ni ayağının olan-qalan gücüylə meydandan çıxarmaq nə vaxtdan əzmkar oyun nümunəsi sayılır? Ona qalsa, Hollandiya ilə oyunda hesabı açan qazaxlar yerdə uzanıb, oyunun bitməsini gözləməli idilər.

Foqts iddia edir ki, futbolçular klublardan hazır gəlməlidirlər, onun işi millini konkret rəqiblərə qarşı oyuna çıxarmaqdı. Elşad Nəsirovla Elxan Məmmədovu öz yalanlarına inandırdığına əmin olan Berti baba bizi də avam sayır. Guya, onların birlikdə milliyə dürtüşdürdükləri geydirmə azərbaycanlılar komandanın düşərgəsinə yüzdə yüz hazırlıqlı gəlirlər? Belədisə, niyə Foqtsun sevimlisi Rüfət Dadaşov hər oyunda meydanda 50-60 dəqiqə gəzişdikdən sonra əvəz olunur? Üstəlik, herr Bertinin həmyerliləri Bernard Lipper, Nikolay Adam, adlarını unutduğum digər almanlar illərdi Azərbaycanda kef çəkir, guya uşaq futbolunun inkişafıyla məşğuldurlar. Elə Foqts kimi Lippert də düz altı ildi çalışdırdığı gənclər yığmasını Avropa ölkələrini bir-bir gəzdirir, uzunmüddətli təlim-məşq toplanışları, həvəskar alman klublarıyla yoxlama görüşləri keçirir. Bəs, hanı alman mafiyasının yetişdirdiyi azərbaycanlı futbolçular?

Millinin heyətindəki gənclərin adlarına baxanda, belələrini görmürük. Qara Qarayevin "artırması” bilavasitə Qurban Qurbanovun adıyla bağlıdı, Bədavi Hüseynov Dağıstandan, Dmitri Nazarovla Rüfət Dadaşov Almaniyadan "tapılıb”.

İlkin Qırtımovu belə çətin oyunda start heyətə daxil edən Foqts özünü gülüş hədəfinə çevirir. Fasilədə onu əvəzləməklə isə gənc müdafiəçinin psixologiyasına ciddi zərbə vurur.

Sadaladığımız və sadalamadığımız bu qədər yalanın fonunda mikrofonlar önünə çıxıb, komandasının çıxışını yaxşı qiymətləndirməsi, çalışdığı dövrdə inkişafa nail olmasını iddia etməsi Foqtsun yalan danışmaqdan utanmamasının göstəricisidi. Almaniyalı qoca və onun AFFA-dakı havadarları əmin olsunlar ki, daha onların bu sərsəm yalanlarına inanmağa həvəsimiz qalmayıb.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR