Yeni transferlər, yeni Messi və dəyişməyən Valverde - Bu mövsüm

Yeni transferlər, yeni Messi və dəyişməyən Valverde - Bu mövsüm "Barselona"dan nə gözləyək?

Azından mövsümün ilk yarısından sonra bu başlığı yazaram deyə düşünürdüm, amma hazırlıq oyunlarından sonra fikrimi dəyişdim. Arada Ernesto Valverdeyə haqsızlıq etdiyimi düşünüb, tənqidin dozasını azaltmaq istəyirdim. Amma sonradan eyni səhvi ard-arda üçüncü dəfə etməyəcəyimi düşündüm və əksinə, qənaətə gəldim ki, az tənqid etmişəm. Bu arada, eyni səhvi ardıcıl üç dəfə təkrarlaya biləcək yeganə insan da elə Valverdedi. Yeni mövsümlə bağlı ən böyük narahatlıq elə bundan ibarətdi.

Heyət ötən mövsümə nisbətdə daha yaxşıdı, hansı ki, keçən mövsüm 2017-18-lə müqayisədə daha yaxşı idi. Qrizmann və Frenki kimi iki möhtəşəm və doğru transfer edilib. Hər iki oyunçu komandaya Çempionlar Liqasını qazanmaqda kömək etmək üçün yetərli keyfiyyətə sahibdi. Qrizmann dünyanın ən yaxşı oyunçularından biri, La Liqanın isə ən yaxşı ikinci oyunçusudu. Topsuz hərəkətlənməsi, müdafiəyə kömək etməsi, daim çalışması, yüksək zəkası, topa nəzarəti, təktoxunuşlu ötürmələri, düzgün qərarları, bitiriciliyi olan, komanda yoldaşı ilə ikili oyunu və divar paslaşmalarını ən yaxşı şəkildə bacaran birindən söhbət gedir. Messi və Qrizmann kimi iki futbolçunun bir-biri ilə meydanda yaxşı anlaşmaması, demək olar ki, mümkünsüzdü. Bu baxımdan gözümüz bayram edə bilər. Hücumda bir çox topu "yeyən", bərbad toxunuşları ilə hücumu "öldürən" Suares, topu hər dəfə ayağına alanda başını aşağı salıb, nə etdiyini özü də bilməyən Koutinyo və beş oyundan bir effektli olan Dembele var ikən, Qrizmann kimi birinin transfer edilməsi sevindiricidi. Digər tərəfdən isə komandanın həm bu günü, həm də gələcəyi üçün böyük "investisiya" olan, artıq oynadığı ilk dəqiqələrdən son illərdəki "Barça"nın "əvəzedilməz" yarımmüdafiəçisi - İvan Rakitiçdən daha cəsur və daha effektiv işlər görən, hər şey qaydasında getsə, öz sahəsində rəqibsiz ola biləcək Frenki var. Sözügedən iki nəfər komanda nə qədər balanssız, plansız olsa da, məşqçi nə qədər komandanı xaosa aparsa belə, üstün zəkası və bacarığı ilə bunun öhdəsindən gələcək, fərq yaradacaq potensiala sahib oyunçulardılar. Məsələn, Valverdeyə rəğmən, keçən mövsüm bir oyunçu dəyişikliyi ilə Messi "Barça"nı ÇL çempionluğuna daşıya bilərdi. Koutinyonun yerinə Qrizmann kifayət edərdi, ya da daha da önəmlisi - Rakitiçin əvəzinə Frenki.
 


Mövsümlərarası fasilədə komandada baş verən müsbət dəyişikliklərə baxmayaraq, Valverde komandanı biabır etmək üçün bir yol tapa bilərmi? Təbii ki. Hətta bunun mesajını hazırlıq oyunlarında verdi. Eyni oyunda Rakitiçi mərkəz yarımmüdafiəçisi, Frenkini isə dayaq yarımmüdafiəçisi kimi oynatmaq, hər halda, ancaq Valverdenin edəcəyi bir şeydi. Hollandiyalının zaman-zaman orada oynaması normaldı, amma istənilən halda, Rakitiç mərkəz yarımmüdafiəçisi olanda... - köhnə hamam, köhnə tas. Frenki üçün ən ideal mövqe yarımmüdafiənin mərkəzidi. O, irəli getmək üçün sərbəstliyə sahib olmalıdı. Frenkini dayaqda oynatmaq, sadəcə, ondan maksimumunu almamaq, limitləmək deməkdi. Valverde isə bu mənada ustadı.

Deyə bilərsiniz ki, bu, hazırlıq oyunudu, ciddiyə almağa ehtiyac yoxdu. Düzdü, amma bəhs etdiyimiz adam da Ernesto Valverdedi. Məsələn, mənim ilk ağlıma gələn onun sırf Rakitiçi hələ də əsas heyətdə saxlamaq üçün Frenkini dayaqda düşünməsi oldu. Çox şişirdirəm? Məncə, keçən mövsüm dəfələrlə meydanın ən zəif bəndinin Rakitiç olmasına rəğmən, heç bir məntiqi, taktiki açıqlaması olmadan onu 90 dəqiqə oynadıb, əvəzində yarımmüdafiə xəttinin ən yaxşılarından olan Arturu və ya Vidalı çıxarmasını gördükdən sonra bu cür düşünməyim yetərincə normaldı.

Valverde ən yaxşı halda Riki və ya Arturu ehtiyatda saxlayacaq. Birincinin adını çəksəm də, 55 yaşlı mütəxəssisin verdiyi açıqlamalar göstərir ki, o, hələ də Rikiyə güvənmək barədə düşünmür. Halbuki futbola azacıq bələd olan, çox sadə şeyləri analiz edə bilən hər kəs onun Rakitiçdən daha yaxşı olduğunu və komandada potensial olaraq sadəcə Frenkidən geri qala biləcəyini görər.
 


Valverde "Barça"nın başında üçüncü mövsümünə girir, amma komanda potensialının çox gerisindədi. Hələ də komandanın planlaşdırılmış hücum kombinasiyaları yoxdu, hələ də komanda kollektiv olaraq necə pressinq edəcəyini bilmir. Buna görə də rəqiblər asanlıqla "Barselona"nın xətlərini yarıb, irəli çıxaraq təhlükə yaradırlar. Orta komandalar belə bunu bacarır. Bir də pressinq altında yaxşı oynayan futbolçulara sahib top klubları düşünün... Onlar üçün bu, su içmək qədər asandı. Hansı transfer edilirsə edilsin, hətta beş Messi ilə oynasalar belə, bu, dəyişməyəcək. Komanda ardıcıl 4-5 doğru ötürmə verəndə təəccüblənirik. "Barselona"nın standartlarının birdən-birə bu qədər aşağı düşməsi dəhşətli haldı.

Frenki "Arsenal"la matçdan sonra yaxşı performans göstərmədiklərini, topu daha sürətli hərəkət etdirməli olduqlarını bildirdi. Bu, məşqçinin öhdəliyində olan şeydi və təəssüf ki, o, bu səviyyənin adamı deyil. Şəklin tamamında çox önəmli fərq yarada biləcək xırda detalları görmür, nəyisə dəyişmək istəmir. Ən gülməli məqam isə məşqçinin yeni transferlərdən danışarkən, onların inkişaf etməli olduqlarını deməsinə baxmayaraq, ÇL uğursuzluqlarının meydandakı baş səbəbkarı olan oyunçudan iki ildi heç bir ekstra şey tələb etməməsidi. Ümmiyətlə, Valverde və qərarlarının arxasında məntiq axtarmaq müşkül məsələdi.

Pep Quardiolanın dövründən qalan oyunçular da artıq aşağı standartları qəbul edirlər. Pike açıqlamasında Çempionlar Liqasını qazanmağın çox çətin olduğunu, "Barça" "trebl" etmədikdə mövsümün uğursuz sayıldığını deyir. Halbuki yanılır. Bəlkə də, çoxları hələ də fərqində deyil, amma problem komandanın ÇL uğusuzluğunda və ya "trebl" etməməsində deyil, problem komandanın hansı formada turnirdən kənarda qalmasındadı.

Ötən mövsüm Messinin ÇL-lə bağlı vədindən sonra Buskets mətbuat konfransında turniri qazanmağın çətinliyindən danışırdı. Sanki oyunçular təzyiqdən qorxur, yeni çağırışlardan qaçırlar. Vaxt var idi, "Barça" Avropada ən qorxulan klublardan biri idi, indi isə müxtəlif komandaların "tvitter" hesablarında mimlərə mövzu olan, lağa qoyulan, ortababların belə, qarşılaşmaqdan çəkinmədiyi, oyun öncəsi mətbuat konfranslarında rəqiblərin inamla danışdığı komandaya çevrilib. Ardıcıl iki il mövsüm üç qolluq geridönüşə imkan vermək... - Mister Ernesto Valverdenin "Barça" karyerası bundan ibarətdi.

Son 11 ildə 8 liqa çempionluğu... Messi haqlıdı, möhtəşəm uğurdu və dəyəri qarşıdakı illərdə daha yaxşı anlaşılacaq. Amma azarkeşlərin, xüsusən də, son iki biabırçılıqdan sonra ÇL tələb etməsi başadüşüləndi. Ən azından komandanın kapitanı qorxusuzdu. Leonun keçən yaydan sonra bu dəfə necə danışacağı mənim üçün çox maraqlı idi. Ona ən yaraşanı etdi, yenə böyük risk aldı. Bəlkə də, yenə də mövsüm sonu bu sözlərinə görə lağ və hətta qınaq obyektinə çevriləcək - meydanda etdiklərindən, nə qədər çalışmasından asılı olmayaraq.
 


Komandada hazırda maksimumu hədəfləyən və həm mental, həm də fiziki olaraq əlindən gələni edəcək üç oyunçu olduğunu düşünürəm: Messi, Frenki və Qrizmann. Hər mövsüm Messinin yeni versiyasını, müəyyən sahələrdə daha da inkişaf etmiş formasını görürük. Bu mövsüm hansı rolda olacağını, yaşına görə nisbətən itirəcəyi müəyyən fiziki bacarıqlarını hansı yollarla sığortalayacağını və "ən yaxşı" olmağa davam edəcəyini görmək üçün səbirsizlənirəm. Burada Frenki və Qrizmannın da rolu var. Kaş ki, başqa bir məşqçi olardı və bu həyəcan birə-on artardı. Hər zaman dediyimi müdafiə etməyə davam edəcəm: "Barselona" Leonun 2015-ci ildən sonrakı versiyasından faydalana bilmədi. Hər il pas bacarığını artıran, yaradıcılığında inkişaf hiss olunan Messinin ilbəil meydandakı pas variantları azaldı, kreativliyindən yararlanmamaq üçün edilə biləcək hər şey edildi. Messini bu formada Pepin "Siti"sində, ya da Tuxel, Sarri kimi məşqçilərin rəhbərliyi altında görməyi çox istəyərdim. Beləcə, bir çox insan onun gerçək potensialının düşündüklərindən də yüksəkdə olduğunu görərdi.

Yeni mövsümdə gedişatın çox da fərqli olacağını düşünmürəm. Komanda La Liqada çempionluğun əsas favoriti olacaq. Onsuz da, 38 matçlıq marafonda Leonun qarşısını almaq mümkünsüzə yaxındı, bunun üzərinə Qrizmannı da əlavə etdikdə "Barça"nın çox da çətinlik çəkəcəyinə inanmıram. Bir sürpriz olmasa, eyni sözləri İspaniya Kuboku barədə də deyə bilərik. Amma azarkeşləri sadəcə ÇL, hətta "trebl" sevindirəcək. Bəs bu, mümkündümü? Ötən mövsüm də dediyim kimi, bəli, mümkündü. Amma bu, baş tutsa, səbəbkarı Messi, tutmasa isə Valverde olacaq - bəlkə də, kağız üzərində bu cümlə haqsız görünür, amma gerçək budu. Komandanın hücum adına hər şeyini edən, kollektiv və individual problemləri örtən Messi idi, keçən mövsüm "trebl" qazanılsaydı, bundan Valverdeyə necə pay çıxarılacaqdı, mənə maraqlıdı.

Mənə görə, Çempionlar Liqasını qazanmaq üçün komanda iki nəfərlə yollarını ayırmalıdı: Valverde və Rakitiç. İkincinin baş vermə ehtimalı daha real görünür. Xorvatiyalının Buskets və Frenkiyə verəcəyi zərər Frenkinin digərlərinə verəcəyi faydadan daha çox ola bilər. Rakitiç başda Messi, De Yonq, Busi olmaqla, ətrafındakı oyunçuları limitləyən, onların gerçək potensiallarını ortaya qoymalarına əngəl olan futbolçudu. Artıq indidən yoldaşlıq matçlarında Frenkinin divar paslaşması üçün topu Rakitiçə ötürüb, irəli boş zonaya açılıb pas qəbul etməyinə ümid edərkən, xorvatiyalının geri oynamasını izlədiyini gördükdə ona yazığım gəlir. Bu yay komanda üç il əvvəl etməli olduğu şeyi edib, ondan xilas olmalıdı, yoxsa hər mövsümü eyni sözlərlə bitirib, hər yeni mövsümü də eyni sözlərlə açmalı olacağıq.

"Barça"nın ən yaxşı dövrlərini görmüş, zövq almış azarkeşlər üçün potensialın daha yüksək olduğunu, komandanın tarixin ən yaxşı futbolçusuna sahib olduğunu bilərək, hazırkı darıxdırıcı futbola şahidlik etmək əzabvericidi. Yeni mövsüm üçün özümüzü kasad sağ cinaha, sıxıcı, təməlində hesabı qorumaq olan oyuna, məşqçinin heç cür anlam verə bilməyəcəyimiz qərarlarına, heyət seçimlərinə və əvəzetmələrinə, sadəcə Messinin, zaman-zaman isə Qrizmann və Frenkinin individual bacarıqlarından zövq almağa hazırlasaq, daha yaxşı olar. Amma yenə də, hər şeyə rəğmən, Leonun olduğu yerdə, komandaya inanmamaq, ümidsiz qalmaq da alınmır.


OXŞAR XƏBƏRLƏR