“Yenilməzlər” Beynəlxalq Qala Təqdimatı ilə bağlı mətbuat konfransı keçirilib

“Yenilməzlər” Beynəlxalq Qala Təqdimatı ilə bağlı mətbuat konfransı keçirilib

Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) ofisində "Yenilməzlər” Beynəlxalq Qala Təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib.

Sport7.az xəbər verir ki, tədbirdə MPK prezidenti İlqar Rəhimov, "Yenilməzlər” tədbirinin senari müəllifi və quruluşçu rejissoru, əməkdar artist Nicat Kazımov, senarist və bədii rəhbər Davud Müzəffərli iştirak ediblər.

Tədbiri açan İlqar Rəhimov ilk növbədə jurnalistləri Milli Televiziya və Radio günü münasibəti ilə təbrik edib. O son illər ölkəmizdə televiziya və radionun çox böyük inkişaf yolu keçdiyini qeyd edib.

"Yenilməzlər” Beynəlxalq Qala Təqdimatı haqqında söz açan İlqar Rəhimov bildirib ki, bu tədbir ölkəmizdə korporativ sosial məsuliyyət dəyərlərinin təbliğinə yönəlib. Heydər Əliyev Fondunun və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Yenilməzlər” beynəlxalq qala təqdimatında paralimpiyaçıların həyat hekayələri bədii çalarlarla səhnələşdiriləcək. Bu səhnə işinin qəhrəmanları da paralimpiyaçıların özləri olacaqlar.

"Beynəlxalq səviyyədə Paralimpiya Hərəkatına dəstək göstərən insanlar, o cümlədən Beynəlxalq Paralimpiya Komitəsinin sabiq prezidenti Sir Filip Kreven, Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri prezidenti Entoni Sainsbari, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, Moldova Paralimpiya Komitəsinin prezidenti, paralimpiya çempionu Oleq Kretsul, MPK-nın baş katibi Kamal Məmmədov və eşitmə əngəlli aktyor Mahmud Səfərov tədbirin əsas qonaqları olacaqlar. Tədbir Kölgə Tamaşası, Ultra Bənövşəyi şou və digər maraqlı məqamlarla yadda qalacaq. Tədbirin keçirilməsində əsas məqsəd cəmiyyətə və iş adamlarına korporativ sosial məsuliyyətlə bağlı mesajlar verməkdir” - deyə o əlavə edib.

İlqar Rəhimov 14 noyabr 2019-cu il tarixində Bakıda keçiriləcək V Uşaq Paralimpiya oyunları haqqında da söz açıb. İlqar Rəhimovun sözlərinə görə, sayca beşinci Uşaq Paralimpiya Oyunlarında 8 idman növü üzrə Naxçıvan da daxil olmaqla ölkəmizin bütün regionlarından paralimpiyaçı uşaqlar iştirak edəcəklər. Bu yarışlara Gürcüstanı təmsil edən paralimpiyaçı uşaqlar da qatılacaqlar.

Daha sonra MPK prezidenti 6 Noyabr Milli Televiziya və Radio Günü ilə əlaqədar olaraq ölkəmizdə paralimpiya hərəkatının təbliğinə dəstək göstərən jurnalistlərə təşəkkürnamələr və hədiyyələr təqdim edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR