Yığmanın karantində qalan futbolçuları nədən narazıdı?

Yığmanın karantində qalan futbolçuları nədən narazıdı?

Yığma üzvləri – Maksim Medvedev, Rail Məmmədov və Təmkin Xəlilzadənin millinin düşərgəsində olduğu müddətdə koronavirusa yoluxmasından xəbəriniz var.
 
Bu haqda ətraflı məlumat vermiş, futbolçularımızın durumunu diqqətdə saxlamağa çalışmışıq. Təmkin artıq sağalaraq vətənə dönüb. Maksimin də koronaya qalib gəldiyi açıqlanıb. Müdafiəçi bu günlərdə Bakıya qayıtmalıdı.
 
Yeri gəlmişkən, onu da bildirək ki, bugünlərdə əldə etdimiz məlumata görə, pandemiyaya yoluxanlar təkcə yığmanın futbolçuları olmayıb. Onlarla yanaşı, ölkənin əsas komandasının inzibatçısı Cavid Məhərrəmov və Canni De Byazinin tərcüməçisi Fərid Abdullayev də karantinə alınanlar arasındadı. Məhərrəmov Sloveniyada, Abdullayev isə Lüksemburqda qalıb. Mənbəmiz onu da bildirdi ki, millinin həkimi Vyaçeclav Xomenko Maksimi və Fəridi tək buraxmamaq üçün Lüksemburqda qalıb. Cavid bəy isə Sloveniyada tək qalıb. AFFA-ya yaxın olan mənbəmizin sözlərinə inansaq, COVID-19 testi pozitiv çıxanlar səfər zamanı millinin məskunlaşdığı otellərdə karantinə alınıblar və onlara yaradılan şərait də ürəkaçan deyil. Eyvanı olmayan, pəncərələri açılmayan nömrələrdə qalmağa məcbur edilənlərin otaqları da təmizlənmir. Otel əməkdaşları təhlükəsizlik səbəbindən yeməyi də qapının ağzına qoyurlar ki, bu da qərib ölkədə təcrid şəraitində olan həmvətənlərimizdə psixoloji narahatlıq yaradır.

Onların hazırkı durumu barədə məlumat əldə etmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq: "Yığmanın son səfəri zamanı koronavirus testi müsbət çıxanlardan Təmkin Xəlilzadə və Canni De Byazinin tərcüməçisi Fərid Abdullayev artıq Bakıya dönüblər. Onlardan götürülən yeni testlərin cavabı neqativ çıxıb. Futbolçularımız Maksim Medvedevlə Rahil Məmmədovdan bu gün və sabah yeni testlər götürülməlidi. Cavablar neqativ olacağı halda onlar da vətənə dönəcəklər. Sloveniyada qalan inzibatçı Cavid Məhərrəmovdan isə götürülən yeni test də neqativ çıxıb. Sizlə danışdığım vaxt Məhərrəmov yoldadı və Bakıya qayıdır. Yığmanın həkimi Vyaçeslav Xomenko hazırda Maksimi tək buraxmamaq üçün Lüksemburqdadı. O ki qaldı onların qalma şəraitinə, hər şey karantin qaydalarına uyğundu. Bəli, hər iki futbolçu qaldıqları yeri tərk edə bilməzlər. Qaydalar bunu tələb edir. Onların izolyasiyaya alındıqları otellərdə pəncərələrin açılmamasına gəlincə, bu gün, demək olar, bütün otellərdə təhlükəsizlik tədbirləi çərçivəsində pəncərələrin açılmasına qadağa qoyulub. Onu da qeyd edim ki, Sloveniyada olduğumuz müddətdə nəinki otellər, ümumiyyətlə, heç bir ictimai iaşə obyekti məlum səbəbdən işləmirdi. Sadəcə, yoxlama görüşünə görə bizə güzəşt olundu və oteldə məskunlaşdıq”.
 
Mənbə: "Futbol+" qəzeti

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR