Yol ayrıcında: Saxtakar, yoxsa əfsanə?

Yol ayrıcında: Saxtakar, yoxsa əfsanə?

Ötən gün dünya çempionatında danışılmağa dəyər bir neçə mövzu var idi. Adam Piti 100 m. brassda 56.88-lə 57-nin altına düşən ilk insan övladı oldu. Qadınlar 4x100 sərbəstdə Avstraliya uzun müddət sonra ABŞ-ın hegemoniyasına son qoydu. Qadınlar 400 m. sərbəstdə Keyti Ledeki ilk dəfə qalib ola bilmədi. Amma bütün bu sadaladıqlarıma baxmayaraq, ən böyük hayp kişilərin sərbəst stildə 400 m. yarışları ətrafında yarandı. Bir az da bunun səbəbləri barədə.

400 m. sərbəstdə Sun Yan qalib olaraq ardıcıl 4-cü dəfə dünya çempionu oldu. Mak Horton ikinci, Qabriele Detti isə üçüncü nəticə göstərdi. Mükafatlandırma mərasimi zamanı Horton Sun Yanla yanaşı podiuma çıxmaqdan və onunla şəkil çəkdirməkdən imtina etdi. Əvəzində o, üçüncü yerin sahibi Detti ilə kameralara poza verdi. Sun Yanın reaksiyası belə oldu: "Mənə hörmətsizlik edə bilər, amma ölkəmə - Çinə qarşı hörmətlə yanaşmalıdı". Mövzunun kökü illər əvvələ dayanır.
 



Sun Yan 200 m.-dən 1500 m.-ə qədər, sərbəst stil üzrə Olimpiadalarda və dünya çempionatlarında medal saxlamayıb. Artıq indidən əksəriyyət tərəfindən tarixin ən yaxşı sərbəst stilçisi kimi qəbul olunur. Bir də medalyonun digər tərəfi var: dopinq. 2014-cü ildə çinli üzgüçünün qanında Dünya Anti-Dopinq Agentliyi (WADA) tərəfindən yasaqlanmış trimetazidin aşkarlanır. Nəticədə Sun Yan Çin Üzgüçülük Assosiasiyası tərəfindən 3 aylıq yarışlarda iştirak hüququndan məhrum olunur. O, trimetazidini ürək döyüntülərindəki problem səbəbindən qəbul etdiyini bildirir və maddənin qadağan olunmuşlar siyahısına əlavə edildiyindən (testlərdən 4 ay əvvəl əlavə olunub) xəbərdar olmadığını qeyd edir. WADA 3 aylıq cəzanın az olduğundan şikayətlənsə də, İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmir.

İndi gələk Horton məsələsinə. Rioda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarında 400 m. sərbəst yarışlarından əvvəl isinmə zamanı ikili arasında problem yaranır. Hortona görə, Yan onun konsentrasiyasını pozmaq üçün üstünə su fırladırmış. Çinli üzgüçü və məşqçiləri bu iddiaları qəbul etmir. Hadisələrin davamında Horton yarışın qalibi olaraq Olimpiadanın qızıl medalına sahib çıxır. O gündən bəri avstraliyalı üzgüçü istər yarışdan əvvəl baş verənlər, istərsə də dopinq iddiaları səbəbindən Sun Yanı "saxtakar" adlandırır və hər fürsətdə onu tənqid edir. İş o həddə çatıb ki, artıq Avstraliya və Çin mediaları arasında da mübarizə gedir.

Hadisələrin pik nöqtəsi isə 2019-cu ilin yanvar ayıdı. "The Sunday Times"-in o zaman yaydığı xəbərə görə, 2018-ci ilin sentyabr ayında mütəxəssislər Sun Yanın evinə dopinq testi götürmək üçün yollanıblar və prosesin gedişində çinli üzgüçü və təmsilçiləri qan nəticələrinin olduğu şüşə balonlarını çəkiclə sındırıblar. Yanın hüquqçuları iddiaları qəbul etmir. Digər tərəfdən, ABC-nin xəbərində Sun Yanın evinə yollanan şəxslərdən sadəcə birinin test götürmək üçün akkreditasiyası olduğu qeyd olunub. Çinli üzgüçü FINA-nın anti-dopinq panelində testdə iştirak etməkdən imtina etdiyini etiraf edib. O, yarış təqvimi xaricində test tələbi irəli sürən mütəxəssislərin akkreditasiyasının olmadığını əsas gətirərək belə bir qərar qəbul etdiyini bildirib.

Nəticədə FINA-nın qərarı Sun Yanın xeyrinə oldu və onun yarışlarda iştirak etməsi üçün heç bir problem olmadığı bildirildi. Lakin bu səfər Dünya Anti-Dopinq Agentliyi FINA-nın qərarına qarşı çıxaraq, məsələni İdman Arbitraj Məhkəməsinə daşıdı. Bu ilin sentyabr ayında CAS-da işə baxılacaq. Qərar Yanın əleyhinə olacağı təqdirdə, onun hətta ömürlük idmandan uzaqlaşdırılması ehtimal daxilindədi.

İndilik isə hazırkı və sabiq üzgüçülər, həmçinin mütəxəssislər belə bir qalmaqallı periodda Sun Yanın yarışlarda iştirakına icazə verilməsini tənqid edirlər. FINA-nın Yanla əlbir olduğunu iddia edənlər, çinli üzgüçüyə "dopinq testlərinin Hudinisi" ləqəbini verənlər var, Melani Şlanqer kimi, Hortonu ikinci olmasına baxmayaraq, dünya çempionluğu münasibətilə təbrik edənlərin də sayı bir deyil, iki deyil...



OXŞAR XƏBƏRLƏR