"Dabonun yerişinə, duruşuna çox əsəbiləşirəm" - Yunis Hüseynov

Azərbaycanın tanınmış veteran futbolçularından olan Yunis Hüseynov sabiq klubu "Neftçi"də baş verənlərə münasibət bildirib.

Hüseynov Sport7.az-a açıqlamasında bunları söyləyib: "Mətbuatdan oxudum ki, Bordin guya azarkeşlərin üstünə gedib, onlarla mübahisə edib. Amma heç kimə ixtiyar verilmir ki, azarkeşə nəsə söz desin. Azarkeş futbolumuzun bəzəyidi. Azarkeşsiz futbolumuz demək olar ki, sıfırdı, heç nədi. Futbolun gözəlliyi də bundadı. Hər bir fanat stadiona gələndə həm qələbələr, həm də yaxşı oyun görmək istəyirlər. Düzdü, hər oyun qələbə qazanmaq mümkün deyil. Amma azarkeş ən azı futbolçuların meydanda can qoymasını, mübarizə aparmasını istəyirlər. Onlar demirlər ki, hər oyun 100 faiz qələbə qazanmalısan. Çünki mümkün deyil. Futbolçuların meydanda mübarizə aparması elə fanatlara bəs edir. O cümlədən də "Neftçi"nin azarkeşləri həmişə, isti, soyuq, yay, qış demədən komandanın arxasında olub. Lakin eşitmişəm ki, rəhbərlik azarkeşləri stadiondan çıxarıb. Bu onlara yaraşmayan hərəkətdi. Yaxşı hal hesab etmirəm. Azarkeşlər dəstək olmasa "Neftçi"nin oyunu daha da pisləşə bilər".

Yunis bəy, "Neftçi"nin hələ eyforiyadan ayılmadığını və Bordinin düzgün analiz aparmadığını dedi: "Çünki həmin azarkeşlər, "azarkeş saymıram" deyən adamı göylərə qaldırmışdı. Ayaqları yerdə deyil. Bu da ondan irəli gəlir ki, "Arsenal"ı məğlub etmişdilər. İstər jurnalistlər, istərsə də klub rəhbərliyi Bordini yüksəklərə qaldırmışdı. Halbuki "Arsenal" "Neftçi"ni düzgün analiz etmədiyinə görə uduzdu. Düzdü, fəxr edirik ki, "Neftçi" belə qələbə qazandı. Amma bunu çox şişirtmək düzgün deyildi. Fikrimcə, eyforiyadan ayılmayıblar. "Arsenal" "Bney Yehuda"dan çox güclü idi. Çıxışlarımda da bildirmişəm, rəqibi düzgün analiz etmək lazımdı. "Neftçi" qapanan rəqiblərə qarşı oynaya bilmir. Keçən il də demişdim ki, "Neftçi" çempion ola bilməyəcək. Çünki potensialı görürdüm və bunu hiss edirim. Məndən incidilər ki, Yunis "Neftçi"ni istəmir deyə belə danışır. Halbuki belə deyil, ömrüm elə "Neftçi"də keçib. Ürəyimdən gələn səmimi arzulardı ki, "Neftçi" çempionluqlar qazansın. Ancaq reallıq da var. Gedişat göstərirdi, bunu dilimə də gətirmişdim ki, "Neftçi" çempion olmayacaq. Nəticəsini də gördüz, İsrail komandası müdafiəyə qapandı və belədə "Neftçi" demək olar heç nə ilə yadda qalmadı. O cümlədən də "Sabah"la oyunda. Rəqibi düzgün analiz etmişdilər və gördüz, əks-hücumda necə yaxaladı? Hələ "Sabah"ın nə qədər qol imkanları oldu. Düzgün oyun qurmaq və rəqibin səhvlərindən istifadə etmək lazımdı. Bordin isə İsrail komandası ilə oyunda bunu etmədi və məğlubiyyətə uğradı. Özü də "Neftçi" rəqibdən hər cəhətdən üstün idi"

Mütəxəssis Dabo haqda bunları da söylədi: "Bilirsiz necədi? Baqali Dabonu başa düşə bilmirəm. Meydançaya çıxanda, onun yerişinə, duruşuna, özünü aparmasına çox əsəbiləşirəm. Düzdü, pis futbolçu deyil. Söhbət ondan gedir ki, oyuna məsuliyyətsiz yanaşır. Topu itirir, ürəyi istədiyini edir, elə bilir ki, belə olmalıdı. Bu peşəkar futbolçuya yaraşmayan bir şeydi. Davranışı pisdi, özündənrazılıq var. Onu da bu vəziyyətə biz gətirmişik. Bəlkə də Azərbaycanda özünü ən güclü futbolçu hesab edir. Bu məşqçisindən ona keçir. Məşqçi elə açıqlama verəndə, futbolçu da belə hərəkət etməlidi də. Ailənin rəhbəri olur. Komandanın da rəhbəri baş məşqçidi. Hər şeyi o nizamlamalıdı. Futbolçunun nə ixtiyarı var ki, azarkeşə söz desin? Başını aşağı salıb işini görsün. Deməli, pis oynayırsan ki, azarkeş sənə qarşıdı. Elə etməlisən ki, hətta komanda uduzanda belə, səni tərifləsinlər. Elə oyun göstər ki, azarkeş sənin can qoyduğunu görsün və alqışlasın. Düşünürəm ki, bu futbolçulara qarşı "Neftçi" hansısa tədbir görər. Klubun daxili etik kodeksləri var".

Hüseynov sözügedən futbolçuların komandada qalıb-qalmaması haqda suala belə cavab verdi: "Buna görə futbolçunu komandadan qovmaq düzgün olmaz. Ancaq rəhbərlik azarkeşlərlə əlaqə yaratmalıdı. Fanatlarla futbolçular arasında diskusiya aparıb, münasibətləri yoluna qoymalıdılar. Futbolun gözəlliyi, futbolçuları dəstəkləyən azarkeşlərdi. Üstəlik dolu dribunalar qarşısında futbolçu daha çox məsuliyyət daşıyır. Çünki boş stadionda onların üzərinə qışqıran olmur. Uzaqbaşı klub rəhbərləri, baş məşqçi filan görür. Amma azarkeşin dəstəyi əlavə ruhdu. Şəxsən özümdən götürüəm, azarkeş olmayanda sanki futbol oynamırdım. Amma əks halda çox həvəsli olurdum".

"Neftçi"nin veteran futbolçusu bu mövsüm komanadadan Premyer Liqada nə gözlədiyini də dedi: "Hələ bir tur keçib. Sanki "Bney Yehuda"ya uduzandan sonra komanda daxilində narazılıqlar var. Ruh düşkünlüyü yaranıb. Lakin toparlanmalıdılar. Legionerlər həddən çoxdu, pullar xərclənib, onların bəhrəsini görməlidilər. Azarkeşlər də bunu istəyir ki, komanda belə heyətlə çempion olmalıdı. Sadəcə ilk oyunda istədikləri futbolu görmədikləri üçün əsəbiləşmişdilər".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR