"Bu komandalardan birinin qrupda qalması Avropa futbolu üçün minus olardı" - Şahin Diniyev

Azərbaycanın tanınmış məşqçilərindən olan Şahin Diniyev AVRO-2020 ilə bağlı fikirlərini bildirib.

Mütəxəssis Sport7.az-a açıqlamasında Avropa çempionatının yeni formatı, müxtəlif ölkələrdə keçirilməsi ilə yanaşı, azarkeşlik etdiyi komandaların çıxışından da danışıb. Şahin bəy çempionatın yeni formatının müsbət və mənfi tərəfləri haqda bunları deyib:
 
"Doğurdan da gözəl təşkil edilmişdi. Bildiyiniz kimi UEFA-nın yubileyinə görə oyunlar 11 şəhərdə keçirildi. Həm azarkeşlər, həm marağa gəlincə, pandemiyaya görə stadionların 50 faizinin doldurulmasına icazə verilmişdi və buna normal baxıram. Amma digər tərəfdən komandalar üçün çətinlik var. Uçuşlar, məsafələr komandaların hazırlığına mənfi təsir göstərə bilir. Yarışa ev sahibliyi edən komandalar üçün asandı. Məsələn bu siyahıda Niderlandı, Danimarkanı qeyd edə bilərəm. Türklər üçün Azərbaycan variantı da pis deyildi. Amma bəzi komandalara gediş-gəliş problemlər yaratdı. Fiziki və mənəvi cəhətdən yorğunluqlar oldu. Ancaq format ümumilikdə gözəl idi. İnanmıram ki, belə etsinlər. Çünki kompakt halda həm komandalar, həm də yarışı keçirən ölkə üçün azarkeşlərin, eyni zamanda turistlərin bir yerdə oturuşması baxımından daha yaxşıdı. 11 ölkədə keçirilməsi yalnız yerli azarkeşlər üçün daha məqbul sayılır. Ölkələrdən ölkələrə uçmaq azarkeşlərin sayını da azaltmışdı. 1 ölkədə keçirilsəydi, məsələn isveçli azarkeşlər gəlib ay ərzində həmin ölkədə yerləşəcəkdi. Amma əfsuslar olsun ki, bu format azarkeşlərin sayında azalmaya səbəb olmuşdu. Bu da maliyyə və insanların durumu ilə bağlıdı. Mənfi tərəfləri də var, müsbət cəhətləri də".

Şahin bəy bir neçə, xüsusən də top-yığmaların doğma meydanda oynamasının onlar üçün o qədər də fərqi olmadığını dedi: "İndiki futbolda azarkeş amili o qədər də böyük fərq etmir. Komanda futbol oynayırsa, məsələn, Almaniyanın qarşısını heç bir 70 və ya 100 minlik azarkeş kütləsi ala bilməz. O cümlədən, İspaniya evində oynayırdı, amma iki oyunda heç 1 qol vura, üstünlüyünü qələbəyə çevirə bilməmişdi. Yalnız sonuncu oyunda 5 qol vurdular. Ancaq, məsələn Macarıstan üçün faydalı idi. 100 minlik stadionda azarkeşlər komandanı alqışlayırdılar, dəstəkləyirdilər. Komanda evində oynamasaydı, həm Almaniyaya, həm də Fransa və Portuqaliyaya böyük hesabla uduza bilərdi. Var top-millilər, var ortabab millilər. Məhz həmin millilər üçün azarkeş amili vacib idi. Almaniya və Fransa ilə başabaş mübarizə apardılar, ev sahibi olduqlarını göstərdilər. Ancaq məsələn İspaniya ev sahibi olduğunu göstərə bilmədi. Güclü komanda hər cür təzyiq altında oynayacaq. Həmçinin bunu Rusiyaya da aid etmək olar.ş Belçika top-yığma idid və rusları gəzə-gəzə diz çökdürdü. Baxmayaraq ki, Rusiya evində oynayırdı"

"24 komandalı Avropa çempionatı nə verdi?" sualını mütəxəssis belə cavabladı: "Bu çempionatda böyük yeniliklər var. Turnir bitəndən sonra həm mütəxəssislər, həm futbolçular, həm jurnalistlər ətraflı analiz edəcəklər yəqin ki. 24 komandanın olmasına gəlincə, bunu yaxşı hal hesab edirəm. Hər komanda üçün şans var. Məsələn Şimali Makedoniyanın birdən-birə gəlib Avropa çempionatında oynaması bu ölkənin futbolu üçün bir təkan oldu. Yəni hər komanda üçün şans vardı. Ukrayna ilk dəfə idi 3-cü yerdən pley-offa yüksəldi. 24 deyil, 16 komanda olsaydı, biz Ukraynanı orada görməyəcəkdik. Elə komandalar var ki, ilk dəfə idi pley-offa yüksəldi. Yəni, bu ölkələrdə futbolun inkişafı üçün təkamül oldu. Artıq hamı Pandevə oxşamaq, yaxud Yarmolenko olmaq istəyəcək. Bununla yanaşı "ölüm qrupu" var idi. 16 komanda olsaydı, Almaniya Fransa və ya Portuqaliya kənarda qalacaqdı. Görün bu Avropa futbolu üçün nə qədər minus olardı? Bunlar da üstünlükdü. O sarıdan bu formatı dəstəkləyirəm. Bu təkcə bir neçə deyil, bütün Avropa ölkələri üçün oldu".

Diniyev AVRO-2020-də hansı komandaların və ya nəticələrin sürpriz olması ilə bağlı suala belə cavab verdi: "Deməzdim böyük sensasiya oldu. İlk gündən deyirdim ki, məsələn, Danimarka həm yaxş komandaya, həm də futbolçulara malikdi. Onları yenmək o qədər də asan olmayacaq. Mənim üçün İtaliyanın göstərdiyi futbol sürpriz oldu. Nəticə deyil, göstərdiyi oyun baxımından deyirəm. Biz "katenaçço" sistemini görməyə öyrəşmişdik. Yəni möhkəm müdafiə qurub, əks-hücumlardan istifadə etmək istəyirlər. Budəfəki İtaliya tam başqa idi. Birinci zonada, qapıçının yanında pressinq edirdi. Hücuma doğru müsbət dəyişiklik var. "Hücum futbolu", "müdafiə futbolu" anlayışı yoxdu. "Hücumda futbol", "müdafiədə futbol" var. İtaliya müdafiədə əla futbol oynayırdı. Hücumda rəngarənglik çatmırdı. Bu dəfə isə gənclər və təcrübəlilərin sintezi ilə o da vardı. Həm sürəti, həm də təcrübəsi var. İndi daha yaxşı İtaliya görürük".

Veteran futbolçu finalla bağlı proqnoz verməsə də, iddialı gördüyü komandaların adlarını çəkdi: "Proqnoz vermək çətindi. Qrp mərhələsindən iki komanda çıxacağını deyirdik. Çünki iki oyun vardı. Biri də təsadüfən məğlubiyyət və qələbə ola bilərdi. Ancaq indidən sonrakı mərhələlər 1 oyundan asılıdı. Qrupdan çıxan komandalar özlərinə görə yaxşı formadadı. Daha az güc sərf edib qələbə qazanan komandalar irəli gedəcəklər. Bu mənada Belçika üçün bəlkə də son şansdı ki, hazırkı heyətlə titul qazansınlar. Çünki yaş öz sözünü deyir. Bu dəfə titul qazana bilməsələr, gəncləşdirmə prosesi aparılacaq və belədə daha 10-12 il gözləməli olacaqlar. İtaliyanın göstərdiyi futbol da çempionluğa layiqdi. Almaniyanı hamı zəifləmiş hesab edir. Ancaq həm gənclərin qoşulması, həm də ağıl və sürət baxımından almanları da bu siyahıya salmaq olar. İspaniyadan naümidəm. Düzdü top saxlayırlar, amma komanda stabil formada deyil. Hücumda yaradıcılıq çatışmır. 5 qol vurmalarına baxmayaraq yaradıcılıq yoxdu. Morata kimi təcrübəli futbolçulardan əlavə gənclər də var. Daha çətin oyunlarda məhz təcrübəli oyunçular rola girəcək, oyunun taleyini həll edə bilən liderlər olacaqlar. Yenə də İspaniyanın hər hansı nəticə göstərəcəyinə inamım azdı. Ümumiyyətlə İtaliya, Fransa, Portuqaliya, Niderland və Belçikanı finala daha yaxın hesab edirəm. Danimarka da sürpriz etməyə yaxındı".

Şahin bəy bu yarışda Türkiyə ilə yanaşı hansı millilərə simpatiya göstərdiyini də söylədi: "Bizə yaxın olan postsovet məkanının futbolçularıdı. Həm Rusiyadan həm Ukraynadan tanıdığımız inmsanlar var. Türkiyə ilə millət olaraq yaxınıq. Həm Ukraynada, həm də Rusiyada birgə işlədiyim insanlar var. Bundan əlavə, qeyd etdiyim kimi Danimarkada ulduzlar yoxdu. Erikson heyətdən çıxandan sonra komanda sabit oynayır. Hər oyunda gücünü qoyur. Uduzub-uduzmamasından asılı olmayaraq, futbol oynamağa çalışır. İtaliyanın göstərdiyi futbol da ürəkaçandı. Bir mütəxəssis kimi baxıb həzz alıram"

Səbuhi Həsənov
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR