"Dinamo"nu yaxından tanıyaq

"Neftçi”nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Gürcüstanın "Dinamo” (Tbilisi) klubu 1925-ci ildə yaradılıb.
 
Sport7.az xəbər verir ki, klub prezidenti Roman Pipiya, baş məşqçi əvvəllər Bakı "İnter”ini çalışdırmış Kaxaber Tsxadadzedir. Paytaxt təmsilçisi ev oyunlarını 55000 tamaşaçı tutumuna malik olan Boris Payçadze adına "Dinamo Arena” stadionunda keçirir.
 
"Neftçi” ilə SSRİ çempionatlarında dəfələrlə qarşılaşmış "Dinamo” (Tbilisi) 1964 və 1978-ci illərdə SSRİ çempionatının, 1976 və 1979-cu illərdə SSRİ kubokunun, 1981-ci ildə isə UEFA Kuboklar Kubokunun qalibi olub."Dinamo” Gürcüstanın ən titullu klubudur. Komanda 18 dəfə ölkə çempionatının, 13 dəfə kubokun, 8 dəfə isə Superkubokun qalibi olub. Tbilisililər 2004-cü ildə "Birlik kuboku”nu başı üzərinə qaldırıblar. Gürcüstan müstəqillik qazanandan sonra "Dinamo”nun avrokuboklardakı ən böyük uğuru 2004/2005 mövsümündə UEFA Kubokunun qrup mərhələsində iştirak etmək olub.
 
"Dinamo”nun hazırkı heyətində gürcü futbolçularla yanaşı, Fransa, İspaniya, Hollandiya, Serbiya, Slovakiya və Qvineyadan olan legionerlər yer alır."Neftçi” SSRİ çempionatının güclülər dəstəsində "Dinamo” ilə indiyədək 52 oyunda qarşılaşıb. Bunlardan 11-də qələbə qazanan "ağ-qaralar” 25 dəfə məğlub olub. 16 matç isə heç-heçə nəticələnib. Rəqib qapısından 48 top keçirən "Neftçi” öz qapısından 75 top buraxıb.
 
SSRİ kubokunda isə tərəflər 3 dəfə üz-üzə gəliblər. "Dinamo” 1937-ci ildə 1/16 final mərhələsində 3:0, 1970-ci ildə 1/2 finalda 1:0 hesabları ilə üstün olub. "Neftçi” isə 1967-ci ildə 1/8 finalda 3:1 hesabı ilə qalib gələrək mərhələ adlayıb.
 
Bu komandalar arasında sonuncu görüş 2004-cü ildə keçirilib. Tbilisidə baş tutan yoldaşlıq matçında qalib müəyyənləşməyib – 2:2. "Neftçi”dən Emin Quliyev (23-cü dəqiqə) və Vidadi Rzayev (85-ci dəqiqə), "Dinamo”dan isə Salukvadze (55-ci dəqiqə) və Akalaya (60-cı dəqiqə) fərqləniblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR