Əlbir olub AFFA ilə PFL... – Ötən illərə boylanarkən

Əlbir olub AFFA ilə PFL...Ötən illərə boylanarkən

Azərbaycanlı futbol azarkeşləri 28 may Respublika Günündə keçiriləcək futbol bayramından məhrum edilib.

Sport7.az xəbər verir ki, PFL AFFA-nın müraciəti əsasında  Premyer Liqanın və ölkə kubokunun təqvimində dəyişiklik edilib. Bununla bağlı PFL-in rəsmi saytında məlumat yerləşdirilib.

AFFA milli komandanın Türkiyə ilə mayın 27-nə nəzərdə tutulan yoxlama oyunu ilə bağlı təqvimdə dəyişiklik etməyi xahiş edib. Ölkənin əsas yığmasının mənafeyini, bu yoldaşlıq görüşünün iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri baxımından vacib olduğunu nəzərə alaraq, PFL premyer-liqanın son iki turunun və ölkə kubokunun final qarşılaşmasının vaxtını dəyişib. 27-ci turun qarşılaşmaları mayın 14-nə, çempionatın son həftəsi isə 5 gün sonraya, daha dəqiq desək, 19-na təyin olunub. Ölkə kubokunun final görüşü əvvəlcədən nəzərədə tutulduğu kimi mayın 28-də yox, 24-də baş tutacaq.
 


İllərdi ki, PFL-in həlledici görüşü Respublika Gününə təyin etməklə bayrama bayram qatmağa çalışırdı. Əvvəllər Respublika stadionunda keçirilən final oyunlarına ölkənin ən tanınmış müğənniləri dəvət olunur, PFL-in hazırladığı möhtəşəm proqram izləyən hər kəsin ürəyincə olurdu. Belə finalların birində Respublikamızın Dövlət Himni Azərbaycanda çıxış edən legionerlər tərəfindən səsləndirilmişdi. Başqa bir final zamanı üçrəngli bayrağımız paraşütlə düz meydanın mərkəzinə endirilmişdi.
 

Sanki bu cür təntənə AFFA-nın qısqanclığına səbəb oldu, "boz bina”dakı idarəçilər hər vasitəylə azarkeşləri futbol bayramından məhrum etməyə çalışdılar. 2018-ci ildə millimizin Qırğızıstanla keçirəcəyi yoxlama görüşü mayın 29-a təyin edildi. Həmin vaxt PFL kubokun final oyununun tarixini dəyişmədi. Belədə Qurban Qurbanov qırğızlara qarşı oyunu finalçı "Qəbələ” və "İnter”in futbolçuları olmadan ötüşdürdü. Bu dəfə AFFA istəyinə çatdı və kubokun final qarşılaşmasının tarixi dəyişdirildi.

Bizə qalan təəssüflənmək və ötən illərin nostalgiyasına boylanmaqdı...
 
Amal, Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR