Elvin Əliyev AFFA-nın qərarından ŞOKA düşüb:

Elvin Əliyev AFFA-nın qərarından ŞOKA düşüb: "Mən buna şər, böhtan deyirəm"

AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında verilən qərarlar, belə desək, Azərbaycan futbolunu çalxaladı.

Söhbət danışılmış oyunlarla bağlı verilən açıqlamadan gedir. Belə ki, AFFA-nın qərarlarında bir hakim və 23 futbolçunun oyun alqı-satqısında iştirakı iddia olunub. Maraqlıdı ki, oyun alverində adı hallananlar arasında vaxtilə premyer-liqada oynamış təcrübəli futbolçuların da adına rast gəlmək mümkündü. Bunlarda biri "Rəvan"da çıxış edən Elvin Əliyevdi. Azərbaycan futbolunda ad qoymuş veteranlarımızdan biri Füzuli Əliyevin davamçısı olan Elvinin də adının belə çirkli oyunlarda çəkilməsi təəccüblü oldu.

Bu üzdən Sport7.az olaraq onunla əlaqə saxladıq. Təbii ki, ittihamlarla razılaşmayan futbolçu bizə bunları söylədi: "Siyahıda mənim də adım var? Nəyə əsasən belə açıqlama veriblər? Başa düşmədim, komanda sonuncu yerdə gedir deyə, adamın üstünə şər atırlar? Vallah, əlim ağzımda qalıb ki, yaşlı vaxtımızda bu nə idi?

Əvvəla, biz danışılmış oyunlarda iştirak etməmişik. Adımızı yazıblarsa, bu hansısa fakta əsaslanmalıdı. Yalan məlumat yayıb ictimaiyyət arasında haqqımızda pis fikir yaratmaq düzgün deyil. Əlbəttə, maddiyyat olmayan yerdə nəticə də olmayacaq. Mən buna şər, böhtan deyirəm. Bunu heç AFFA-ya yaraşdırmıram ki, belə işi boynumuza atıblar. Nə deyəcəyimi bilmirəm. Oyun satmaq pul müqabilində olur düzdü? Heç nə demirəm, yalnız Cəmşidlə özümü nümunə gətirirəm. Futbolumuz, oyunumuz hər kəsin gözü qarşısında olub. Oynadığımız komandaları tanıyırlar. Qazandığımız pullar haqda da az-çox məlumatları var. Şükür Allaha, həmin pullarla həyatımızı qurmuşuq. Özümüzü təmin etmişik. Bizə qalıb belə çirkli işlərlə məşğul olmaq?

Keçən il də "Rəvan"da oynayırdıq. Pis yaxşı nəticələrimiz oldu, "Neftçi"ni məğlub etdik, rəqiblərə başağırısı verdik. Həmin vaxtlarda da zəif idik, aşağı pillələrdə gedirdik. Eliyən olsaydıq, həmin vaxt oyun satardıq. İdman elə bir şeydi ki, yaşlaşsan belə mübarizə aparmaq istəyirsən. Yenə də yaş amili sözünü deyir. Mövqeyində səhvlər edirsən, gücün çatmır və sair... Yəni, komandanın sonuncu yerdə getməsinə görə bunu edirlərsə, çox səhv iş görürlər. İnsan səhv edər. Yüksək dəstədə də səhvlərimiz olub. Gəlib üstümüzə düşməlidilər? Neçə illər futbol oynamışıq, pulumuzu qazanmışıq, şəraitimizi qurmuşuq. İndi gəlib qəpik-quruşa... Adamın acığına gəlir. Yüksək-liqadan birinci diviziona düşdük. Bunun da səbəbi maliyyə problemləri oldu. Əslində "Xəzər Lənkəran"ı məğlub edib, liqada qalmışdıq. Amma yenə aşağı saldılar. İndi də başımıza bu oyunu açdılar. Adları çəkilənlərin siyahısında gənclər də var. Yazıq uşaqlara psixoloji təsir edə bilər. Onsuz da bizi "baltalayıb" aşağı liqaya saldılar, indi də eyni hərəkətlərinə davam edirlər. Söz verdilər, arxasında dayanmadılar. Bunlar hamısı yaxın keçmişdə olub. 

Şübhəli hərəkətləri bilirsiz necə hiss etmək olur? Güclü komanda ilə oynayanda kimsə kobud səhvı yol verəndə şübhələnə bilərsən. Burda da cəmi 2-3 təcrübəli futbolçu var. Mən, Cəmşid, Elnur Abdulov idi qırmızı vərəqə aldı. Qalanları cavandı. Ona görə də kiminsə üstünə düşə bilmirsən ki, "sına" bilər. Baxırsan ki, söz deyəcəksən küsəcək. Nə deyəsən? Bacardıqları odu. "Şərurspor"la oynayanda fikirləşirdik ki, ikinci hissədə ən azı 2 qol vuracağıq. Amma tərsinə oldu, qapımızda top gördük. 

Bundan sonra necə lazımdı elə edəcəm. Gətirib faktları qarşıma qoysunlar ki, ay Elvin, sən filan şeyə əsasən oyun satmısan. Əldə sübut olmalıdı. İndi səhv buraxırıq deyə oyun satırıq? 

Yüksək dəstədə cəmi 8 komanda var, güclə çempionat keçirirlər. Birinci divizion isə özünüz bilirsiz də hansı vəziyyətdədi. Formaları, butsları, yeməkləri yoxdu. Eləsi var "krasovka" ilə meydana çıxır. Səfərə də oyun günü çıxırlar, belə peşəkarlıq olmaz axı. Axırda deyirlər ki, təcrübəli futbolçular edir hamısını. Heç yaxşı olmadı. Kimin xoşu gələr ki, adı belə oyunlarda hallansın? Yaxşı vaxtlarımızda heç belə söhbətlər olmayıb. Bir az zəifləyən kimi, belə edirlər. Futbolumuz budu də...Əlim ayağım tutulub, bu nə işdi?"

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR