Elxan Məmmədovun “yüngül ayağı”

Elxan Məmmədovun “yüngül ayağı”

Ta qədimdən Azərbaycan xalqının özünəməxsus inancları olub. Onlardan da biri düşər-düşməzlə bağlıdı. Hansısa yeni başlayan işin üstünə gəlib çıxan adamın ayağını sınayırlar. İşlər qaydasında olanda deyirlər ki, "filankəsin ayağı yüngüldü, bizə düşərli oldu". Və yaxud da əksinə, nəsə alınmasa, bütün günahı həmin adamın üzərinə yıxırlar. O da dönüb olur "ayağı ağır”. Belə deyimlər əllə də, hətta tək və ya cüt səbrlə bağlı olur. İllər keçsə də, bu xasiyyətimizi tərgitməmişik. Nəsildən-nəsilə ötürülən həmin adətlər günümüzə qədər gəlib çatıb. 

Ötən həftənin cümə günü özlüyümdə çək-çevir etmişəm, AFFA-nın baş katibi Elxan Məmmədovun son dövrlərdəki fəaliyyəti kino lenti kimi gözümün önündən keçib. Hər şey Türkiyə Superliqasında "Bursaspor”un doğma meydanda "Trabzonspor”a məğlub olduğu dəqiqələrdə baş verdi. Ramil Şeydayev "Trabzonspor”la anlaşandan, Dəniz Yılmaz da Azərbaycan millisində oynamağa razılıq verəndən sonra bu komandaların çıxışını daha yaxından izləməyə başlamışıq. Qarşılaşmadan öncə Bursa təmsilçisi favorit hesab edilir, "yaşıl timsahlar”ın "Qara dəniz fırtınası”nı asanlıqla ram edəcəyi proqnozlaşdırılırdı. Amma hakimin start fitindən heç yarım saat keçməmişdi ki, artıq qonaq komanda iki cavabsız qolu "Bursaspor”un qapısına vurmuşdu. Nə baş verdi? Qısa müddətdə "Bursaspor” bu qədər zəiflədi, ya "Trabzonspor” qəfildən gücləndi? Əmin olun ki, bunların heç biri baş verməyib. Bütün günahlar bizim AFFA-da, daha doğrusu onun baş katibi Elxan Məmmədovdadı. Daha dəqiqi, Elxan Məmmədovun "ağır ayağı”nda. Səbəbini indi izah edəcəyəm.

"Bursaspor”un hücumçusu Dəniz Yılmaz Türkiyə millisindən dəvət gəlmədiyini görüb AFFA-ya "hə” deyəndən sonra noyabrın 11-də Şimali İrlandiyaya qarşı oynadı. Bir növ Dəniz Yılmaz və "Bursaspor” Elxan Məmmədovla işbirliyi qurdu. Nəticə göz qabağındadı. Noyabrın əvvəlindən bəri Bursa təmsilçisi Türkiyə çempionatında keçirdiyi 8 oyundan dördündə uduzub, cəmi iki qələbə qazanıb. Buna qədər "Bursaspor” 9 oyunun 6-da qələbə qazanmışdı. Təsadüf olduğunu düşünürsüz? Ötən il Ramil Şeydayev Rusiyanın ən yaxşı gənc futbolçularından sayılırdı, "Zenit”in əsas heyətinə namizəd idi. Bizim baş katiblə əl sıxışandan sonra onu heç "PTT liqası”nın autsayderləri belə bəyənmir. Üstəlik, AFFA-nın menecerləri Ramili "Trabzonspor”a calayandan bəri "bordo-mavililər” Türkiyədə sıradan bir komandaya çevrildi, tarixlərinin ən ağır günlərini yaşamağa başladı. "Trabzonspor”un bu mövsüm qazandığı nəticələrə baxmaq kifayətdi. Ərsun Yanalın komandası nəinki Türkiyənin, bütün Avropanın ən az qol vuranları sırasındadı. Bəxtləri gətirdi ki, bu tur baş katibimizin yeni "şikarı” ilə qarşılaşdılar, onun da "yüngül ayağı” daha çox "Bursaspor”a təsir etdi. 

Bizim baş katibin belə "xoşbəxt” etdiklərinin siyahısı yetərincə genişdi. İstəsəniz, bəzi nümunələri sizin diqqətinizə də çatdıra bilərəm. İngiltərənin məşhur "Mançester Yunayted” klubu AFFA-nın tərəfdaşı olmağa, Bakıda açılan yay məktəbinə adının verilməsinə razılığını bildirən kimi "qırmzı şeytanlar”ın günü qara oldu. Komanda məğlubiyyətləri sıraladı, Çempionlar Liqasından kənar qaldı. Bu mövsüm İbrahimoviç, Poqba kimi dünyanın ən bahalı futbolçuları Mourinyoyla əl-ələ verib, amma hələ də "Mançester Yunayted”in əvvəlki əzəmətini qaytara bilmirlər.

Məhz cənab Məmmədovun xeyir-duasıyla "Neftçi”də Müşahidə Şurası yaradıldı. 80 illik tarixi olan klubun iki ildi belini elə qırıblar ki... Bu mövsüm heç kimə qalib gələ bilməyən AZAL belə "Neftçi”ni uddu, "ağ-qaralar” turnir cədvəlində sondan 2-ci pillədədi. Klublar Komitəsinin yaradılmasının vacibliyini kim dedi, bu qurum kimin nəzarətindədi? Əlbəttə ki, Elxan Məmmədovun. Komitə yaranan kimi ölkə klublarının qara günləri başladı, müstəqillik tariximizdə ilk dəfə Azərbaycan premyer-liqası səkkiz komandanın iştirakıyla keçirildi. Baş katib Rusiyadan mütəxəssis dəvət etdi, Türkiyədən texnika-avadanlıq icarəyə götürdü, "CBC Sport”u yaratdı ki, ölkə çempionatını daha yaxşı yayınlatdıracaq. Əvəzində ölkənin yarısından çoxu Azərbaycan premyer-liqasının keçirilməsindən belə bixəbər qaldı, klublarımızın avrokubokların təsnifat mərhələsindəki oyunlarına baxa bilmədi. 

Göründüyü kimi, adamın ayağı xeyli "yüngüldü”. Hara ayaq qoyursa, orda "gözəl günlər” başlayır, "uğur”lar qazanılır. Uşaq vaxtı izlədiyimiz "Toral və Zəri” cizgi filmində ov heyvanlarının rəsmini qayalara cizən Toral kimi. O da hansı heyvanın rəsmini çəkirdisə, qəbilə həmin heyvanın ətinə həsrət qalırdı...

Mənbə: "Futbol+" qəzeti, Amal Abuşov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR