"Əminəm ki, bu çətin işin öhdəsindən gələcəyəm" - Beşqat dünya çempionumuz

"Karateçilərimizdən 3-ü Tokio Olimpiadasına vəsiqə qazanıb. İrina Zaretska (+61 kq) və Rafael Ağayev (-75 kq) reytinqə əsasən, Firdovsi Fərzəliyev (-67 kq) isə Parisdə keçirilmiş lisenziya xarakterli yarışda Olimpiadada iştirak hüququna sahib olublar. Bu, bizim üçün çox yüksək göstəricidir. Elə böyük ölkələr var ki, onlar bu nüfuzlu yarışa vəsiqə qazana bilməyiblər. Olimpiya Oyunlarında mübarizə çox gərgin olacaq. Amma inanıram ki, Tokio Olimpiadasında komandamız yüksək nəticə əldə edəcək".

Sport7.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov iyunun 22-də Milli Olimpiya Komitəsində (MOK) təşkil olunan mətbuat konfransında bildirib. Federasiya prezidenti karateçilərimizin Azərbaycan dövlətinin, şəxsən Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin diqqət və qayğısı nəticəsində beynəlxalq arenalarda yüksək göstəricilər qazandıqlarını vurğulayıb: "Karateçilərimiz dünyanın ən güclülərindən hesab olunurlar. Komandamız Avropa, İslam Həmrəyliyi oyunlarında, dünya, Avropa çempionatlarında böyük qələbələr qazanıblar".

Rafael Ağayev mətbuat konfransında Olimpiadaya hazırlıq prosesini İstanbulda keçdiklərini, bir neçə gündən sonra yenidən həmin şəhərə yollanacaqlarını bildirib. Beşqat dünya, dəfələrlə Avropa çempionu olmuş idmançı Tokio Olimpiadasında qızıl medal qazanacağına əminliyini ifadə edib: "Vaxt yaxınlaşdıqca həyəcan da artır. Özümə, eləcə də komandamıza inanıram. Tokioya qızıl medal üçün gedirəm və əminəm ki, bu çətin işin öhdəsindən gələcəyəm. Düşünürəm ki, yaxşı formadayam. Olimpiadada ən güclü rəqibim yaponiyalı və italiyalı karateçilərdir. Yaponiyalı ilə döyüşüm alınmır, amma italiyalı ilə 16 ildir rəqibəm. Onların heç biri zəif olmasa da, mən də heç bir rəqibim üçün hədiyyə deyiləm”.

Yığmamızın Olimpiadaya lisenziya qazanmış qadın üzvü İrina Zaretska Olimpiadaya ciddi hazırlaşdıqlarını vurğulayıb: "Hazırlığımız yüksək səviyyədə gedir. Bu güclü yarışda iştirak edəcəyimiz üçün şanslıyıq. Hədəfim qızıl medaldır. Çalışacağam ki, hər zaman sizin fəxriniz olum".

Firdovsi Fərzəliyev Parisdə keçirilmiş lisenziya turnirində Tokio Olimpiadasına vəsiqə əldə etdiyi üçün çox sevindiyini bildirib: "Yarış çox güclü idi, bir gündə 10 görüş keçirdim. Qarşıma məqsəd qoymuşdum ki, Olimpiadaya vəsiqə qazanım. İndi ən böyük arzum Olimpiadada Azərbaycanı layiqincə təmsil etməkdir”.

Kişilərdən və qadınlardan ibarət komandalarımızın baş məşqçiləri Qurban Tağıyev və Denis Morozov, Tokioda qarşılaşmaların idarə olunmasında iştirak edəcək Cahangir Babayev komandamızın Olimpiadada mübarizə aparacaq hər üç üzvünün güclü idmançılar olduqlarını və onlardan medallar gözlədiklərini bildiriblər.

"Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunları 2020-ci ilin yayında keçirilməli olsa da, koronavirus pandemiyası ilə əlaqədar cari ilə təxirə salınıb. Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək. Olimpiadanın karate yarışları avqustun 5-7-də Nippon Budokan mərkəzində keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR