Güldürən Çin, ağladan Çin...

Güldürən Çin, ağladan Çin...

Karlos Alberto Tevezin 32 yaşı var. Siz də onu yaxşı tanıyırsız. Argentina millisindəki çıxışından başqa Avropanın "top-klubları" sayılan "Mançester Yunayted" və "Yuventus"dakı oyunuyla da diqqətləri üzərinə toplamağı, adından söz etdirməyi bacarıb. Bir müddət idi vətəni "Boka Xuniors"daydı. Amma artıq ordan da ayrılmaq üzrədi. Bu komandanın formasıyla sonuncu oyununu keçirib və meydanı göz yaşları ilə tərk edib. Nə yaşı var ki...

... Cəmisi 32. 

Yox, hansısa sağalmaz xəstəliyə düçar olmayıb. Dünyaya gözlərini vaxtsız yummayacaq. Heç karyerasını ağır zədə səbəbindən bitirmək təhlükəsi də yoxdu. Hələ oynayacaq və heç vaxt qazanmadığı qədər var-dövlət sahibi olacaq. Çinin "Şanxay Şenxua" klubunun rəhbərliyi ona bir illik çıxışı müqabilində 40 milyon avro məvacib təklif ediblər. Tevez də razılaşıb. Kim 40 milyona yox deyərdi ki? Yaxşı puldu, dostlar.

Tevez Çinə gedən qatarın ilk sərnişini deyil. Buna qədər neçə-neçə səviyyəli, təcrübəli futbolçular Uzaq Şərqə üz tutublar. Həm pul qazanmağa, həm də top qovmağa. Top qova-qova pul qazanmağa...

"Çelsi"nin italyan çalışdırıcısı Antonio Konte hamıya xəbərdarlıq edib. Xüsusiylə də Avropanın adlı-sanlı klublarına. Onları oyanmağa, dünya futbolunu gözləyən "Çin təhlükəsi"nə qarşı tədbir görməyə çağırır. Axı onun da klubundan Çinə tələsən var. Oskar bu ayın sonunda "çinli" olacaq. Bir də görəcəyik İbrahimoviç də getdi, ardınca da  Mourinyo... Daha sonra o biri, sonra da bu biri "ulduz". Konte də bu təhlükə barədə "həyəcan təbili" çalır.

"Çoban açınca gözün qalar iki buynuzun" məsəli kimi. Bir də görəcik Avropada adlı-sanlı, özünə hömrət edən futbolçular hamısı Çinə doğru istiqamətləniblər.

Diqqət yetirin, əvvəllər məşhurlar karyerasının qürub vaxtlarında, qocalmağa az qalmış Ərəbistana, Hindistana üz tuturlur. Amma çinlilər daha qətiyyətli transferlər edir, nisbətən gənclərə göz dikirlər. Bu həm də Avropa klublarını, qitənin klub turnirlərini nüfuzdan salmağa, diqqətləri Çinə yönəltməyə yönələn bir siyasətdi. Çox keçməyəcək ki, "Kitayskiy futbol" Avropaya meydan oxuyacaq.

Tevezin sonuncu görüntüsü bu ehtimalın real olduğunu göstərdi. Həm də gördük ki, futbolçular Çinə təkcə gülə-gülə yox, həm də ağlaya-ağlaya gedirlər!

Amal ABUŞOV

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR