Macarıstanı necə “öldürdülər”? – UEFA Avropa çempionatının başına oyun açır

Macarıstanı necə “öldürdülər”? – UEFA Avropa çempionatının başına oyun açır

Amal ABUŞOV

Çoxdandı həsrətlə gözlədiyimiz AVRO-2020-nin qrup mərhələsi başa çatdı. Artıq 1/8 finala yüksələn komandaların hamısının adı məlumdu. Demək olar ki, bu mərhələnin iştirakçıları arasında sürpriz ad yoxdu. Əvvəlcədən söylənilən təxminlər böyük ölçüdə doğruldu.

Bizim üçün bu dəfəki qitə çempionatını məxsusi edən yarışa ev sahibliyi edən 11 şəhərin arasında doğma Bakımızın da olması idi. Azərbaycan illərdi ki, bu ev sahibliyinə hazırlaşırdı. Düzdü, əsas qüvvə və təşkilatçı kimi öndə AFFA görünürdü. Amma ölkənin reallıqlarından xəbərdar olan hər kəs bilir ki, AFFA təkbaşına bu boyda yükün öhdəsindən gələcək gücdə deyildi. Dövlət bütün resurslarını səfərbər etdi və biz ölkə olaraq Avropa çempionatının təşkilatçılığının öhdəsindən layiqincə gələ bildik. Artıq Bakının ev sahibliyi ilə keçirilən qrup oyunları arxada qalıb, qarşıda bizi iyulun 3-də keçiriləcək ¼ final mərhələsinin oyunu gözləyir.

Çox təəssüf ki, yarışa qatılan yığmalar arasında bizim komandanın adı yox idi. Bu mənada Azərbaycana yoldaşlığı edən Rumıniya oldu. Buxarest də Avropa çempionatına ev sahibliyi edən 11 şəhərin sırasında yer alsa da, bu ölkənin yığması iştirakçılar arasında yer almadı. Rumınların keçirdiyi hisslər bizə də yaxından tanışdı, onların dərdini ürəkdən bölüşürük. Təskinlik tapdığımız tək məqam o idi ki, qardaş Türkiyə millisi qrupdakı oyunlarından ikisini Bakıda keçirəcəkdi. Dəstəyimizi "ay-ulduzlular”a verib, qələbə sevinci yaşayacağımıza ümid edirdik. O da olmadı. Şenol Günəşin komandası həm Romada, həm də Bakıda elə Azərbaycan millisi kimi oynadı. Sanki Günəşin içinə Canni De Byazi girmişdi. O boyda potensiala sahib komanda meydanda varlıq göstərə bilmədi, üç oyuna cəmi bir qol vurub, xalsız qaldı.

UEFA-nın tətbiq etdiyi yeni sistemdə 1/8 finala yüksəlmək, qrupdan çıxmaq halva yemək, su içmək kimi asan iş idi. İndiyə qədər beləsi olmamışdı. Qitənin ali futbol qurumu futbolun marağını, gərginliyini, mübarizəni kommersiya maraqlarına qurban verib. Bunu deməklə yenilik etmiş olmuram. UEFA final mərhələsinin iştirakçılarının sayını artırmaqla Avropa çempionatındakı mənasız oyunların da sayını artırdı. Qrup mərhələsində gərginliyi ilə yadda qalan, baxımlı futbol izlədiyimiz qarşılaşmalarının sayı barmaqla sayılan qədər oldu. Hollandiya - Ukrayna, Portuqaliya – Almaniya, Portuqaliya – Fransa... siyahını uzatmaq xeyli çətindi. İş o yerə gəldi çatdı ki, "nəhənglər” öz aralarındakı heç-heçələrlə qrupdan çıxdılar, əzmkar Macarıstanı ayaqlar altında əzdilər.
 
Onsuz da macarların yer aldığı F qrupunu əvvəldən də "ölüm qrupu” adlandırırdılar. Qrupun favoritləri ya vəlvələdən, ya da zəlzələdən elə Macarıstanı "öldürdülər”. 24 komandanın iştirak etdiyi final mərhələsində bu cür manevrlər etməyə, bir qələbəylə belə qrupdan çıxmağa şərait çoxdu. Bütün dünyaya car çəkirlər ki, "danışılmış oyunlar”a qarşı mübarizə aparırlar. Amma özləri elə sistem yaradırlar ki, oyunları "danışmaq” xeyli asanlaşır. İndi gəl, onların apardığı mübarizənin səmimiliyinə inan.

UEFA-nın üzvlərinin sayı 50-dən bir qədər artıqdı. Qitə çempionatının final mərhələsində isə 24 ölkə iştirak edir. Demək olar ki, üzvlərdən hər ikincisi final mərhələsinin iştirakçısıdı. Keyfiyyətə deyil, kəmiyyətə üstünlük verilən yerdə hansı səviyyədən, hansı ədalətdən danışasan? Buna heç final mərhələsi demək mümkün deyil. Sanki əsl Avropa çempionatı bundan sonra başlayır. Ümid edək ki, 1/8 final mərhələsindən etibarən ədalətli, baxımlı, maraqlı oyunlara daha çox şahid olacağıq. UEFA isə papağını qarşısına qoyub, Avropa çempionatının nüfuzunu xilas etmək üçün final mərhələsində iştirakçı sayına yenidən baxmalıdı.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR