"Ola bilər Adil müəllim, yaxud futbolçular hardasa səhv buraxıblar" - Ərəstun Niftiyev

"Şahdağ" son vaxtlar lazımi səviyyədə çıxış edə bilmir. Adətən turnir cədvəlinin yuxarı pillələrində gördüyümüz Qusar komandası indi bəlkə də tarixində heç vaxt uduzmadığı komandalara yenilir. Sonuncu, "Turan Tovuz"la oyundan sonra isə baş məşqçi Adil Mahmudov istefa verməli oldu. Bəs komandanın taleyi necə olacaq, uğursuzluqların səbəbi nədi? Yeni baş məşqçi kimdi? Bu suallara isə rəhbərlik daha yaxşı cavab verə bilər.

Bu üzdən Sport7.az olaraq klubun prezidenti Ərəstun Niftiyevlə danışdıq: "Artıq Adil müəllimin istefasını qəbul etmişik. Əslində o "Şərurspor"la oyundan sonra getmək istəyirdi. Saxladım onu, bəlkə nəsə alınar. "Turan Tovuz"la görüşdə komanda pis oynamadı. Mübarizə apardılar. Ancaq 4-cü məğlubiyyətdən sonra Adil müəllim getmək fikrini qətiləşdirdi. İstəməyən insanı necə saxlaya bilərik? Zorla olmaz ki.

Bu il 2 oyunumuz qalıb. Çempionatda "Rəvan", kubokda "Kəpəz"lə görüşəcəyik. Komandanı Kamran Nurəhmədova tapşırmışıq. Nurəhmədovu iştirak ərizəsinə həm oyunçu, həm də köməkçi məşqçi kimi salmışdıq. Özü də oynamaq istəyirdi. Pis-yaxşı bəzi oyunlarda meydana çıxıb. Amma birinci gündən komandanı məşqlərə Nurəhmədov çıxaracaq. Razılıq versə, müqavilə bağlasaq onunla işləyərik. Başqa namizədlər də var. Amma yerli mütəxəssislərə üstünlük verəcəyik. Düzdü əvvəl Kamran müəllim Dağıstanda işləyirdi. Amma oradan çoxdan ayrılıb. Razılıq verməsə başqa namizədi dəvət edərik. Telman Cavadov? Mən Qusar futbolunda olduğum müddətdə Telman Cavadovu heç stadiona yaxın buraxmayacağam. İnciməyi bacarmıram, amma o insanı futbola yaxın qoymaram. 

Maliyyə problemi yoxdu. Bunlar boş söhbətlərdi. Hər şeyi bunun üstünə atmayaq. Hardasa  çatışmazlıq olub, səhv buraxılıb ki, komanda bu vəziyyətə düşüb. Ola bilər Adil müəllim, yaxud futbolçular hardasa səhv buraxıblar. Problemlərlə rastlaşdıq. Amma şükür Allaha pis komanda deyil. Siz dediyiniz qədər də ruhdan düşməyiblər. Belə olsaydı "Turan Tovuz"la oyunda yaxşı çıxış etməzdilər. Çox gözəl oyun alındı. Qələbəyə görə mükafat da qoymuşduq ki, vəziyyətdən çıxaq. Alınmadı, nə deyə bilərəm ki? Ola bilər ardıcıl məğlubiyyətlər də təsirini göstərsin. Amma Adil müəllimlə düşmən kimi ayrılmamışıq. Özünüz bilirsiz ki, keçən il komandada nələr baş verdi. Çox çətinliklər görüb, əzab çəkmişik. Amma Adil əl uzatdı, kömək etdi. Özünə və komandaya görə vuruşdu. Bu gün onun arxasınca danışmaq kişilikdən deyil. 

Fasilədə komandada çox dəyişiklik olmayacaq. Bizdə əksəriyyət, əsas heyətin 9 nəfəri yerli uşaqlardan ibarətdi. Ümumilikdə 15-16 yerli futbolçu var. 4-5 nəfər də gətirməliyik. Bizdə vəziyyət bilirsiz niyə ağır oldu? Nigeriyadan gələn futbolçuların pasport problemi yarandı. Hansı ki, əsas heyətin üzvləri idi. Bəzi saytlar yazır ki, maaşa görə durum belədi. Amma xeyir, sənədlərində problem yaranmışdı. Dünyanın pulun verib, onlara bilet alıb yola salmışıq. Çünki onların deportasiya olunmasını istəmədik. Alah qoysa yanvarda dəvət edəcəyik. Belə baxanda heyətdə yeganə legioner qapıçımızdı. O da zədələndi, burnu sınmışdı. Bu üzdən "Turan Tovuz"la oyuna bir qapıçı ilə getmişdik".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR