Olimpiadada ilk dəfə badmintonda təmsil olunacağıq

Olimpiadada ilk dəfə badmintonda təmsil olunacağıq

Azərbaycan tarixdə ilk dəfə Yay Olimpiya Oyunlarında badmintonda təmsil olunacaq.

Sport7.az xəbər verir ki, milli komandamızın lideri Edi Reski Dviçayo lisenziya uğrunda gərgin mübarizədə kişi badmintonçuların şəxsi yarışında bu yay Yaponiyanın paytaxtı Tokioda keçiriləcək 4 illiyin zirvə yarışında ölkəmizi təmsil etmək şərəfinə layiq görülüb. Olimpiya Təsnifat Reytinqində 31-ci olan Edi olimpiadaya lisenziyanı təmin edib. Xüsusilə 2019-cu ildə Kamerun və Əlcəzairdə keçirilən beynəlxalq turnirlərdə qazanılan qalibiyyət badmintonçumuzun lisenziya şanslarını əhəmiyyətli dərəcədə artırıb.

Avropa Badminton Konfederasiyasının rəsmi saytı Avropadan olimpiadaya lisenziya qazanan badmintonçuların siyahısını dərc edib. Bu yekun siyahı olmasa da kişi badmintonçuların şəxsi yarışında böyük ölçüdə dəyişikliklər gözlənilmir. Yekun siyahı iyunun 15-də Dünya Badminton Federasiyası tərəfindən açıqlanacaq. Yekun olimpiya təsnifat reytinqində xalların hesablanması badmintonçuların olimpiya təsnifat dövründə iştirak etdiyi və daha yüksək xallar topladığı 10 beynəlxalq turnirin nəticələrinə görə toplanıb və buna əsasən müəyyənləşdirilib. Edi 29 aprel 2019 - 15 mart 2020 və 4 yanvar 2021 - 15 iyun 2021 tairxlərini əhatə edən olimpiya təsnifat dövründə ümumilikdə 24 beynəlxalq turnirdə iştirak edib.

Olimpiya oyunlarında 38 kişi badmintonçu şəxsi kateqoriyada iştirak edəcək. 35 badmintonçu reytinq xalları sayəsində olimpiadada mübarizə aparacaq. Digər 3 lisenziya isə Beynəlxalq Olimpiya Komitəsi, Dünya Badminton Federasiyası və lisenziya əldə edə bilməyən qitədən müvafiq ölkənin yerli federasiyasının daxil olduğu üçtərəfli komissiyanın qərarına əsasən veriləcək. 
 
Yay olimpiya oyunları 2021-ci ilin 23 iyul-8 avqust tarixlərində keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR