Parataekvondoçularımızla görüş keçirildi

Parataekvondoçularımızla görüş keçirildi

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa Təsnifat Turnirindən qayıdan parataekvondoçularla görüş keçirilib.
 
Sport7.az xəbər verir ki, tədbirdə ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və Nəzarət-Təftiş Komitəsinin sədri Vüqar Məmmədov milli üzvlərini təbrik ediblər. Səfərov parataekvondoçularımızın çıxışını uğurlu adlandırıb. O bildirib ki, pandemiya dövründə yarışa yollanan 4 idmançının hər birinin Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanması böyük nailiyyətdir: "Son - Rio-de-Janeyro Olimpiadasında yeganə qızıl medalı taekvondoda əldə etmişdik. İndi bu idman növü ilə yanaşı, hədəfimiz parataekvondoçularımızı da dünyada ən güclü görməkdir. Koronavirus pandemiyasının çətinliyinə baxmayaraq, qəhrəmanlıq göstərdiz. Bütün dünyaya sübut etdiz ki, çətinliklərə baxmayaraq, güclüsüz. Mən yarışın gedişində hətta həyəcandan döyüşlərə baxa bilmirdim. Düzdür, sonra izlədim. Bəzilərinizdə xal fərqində o qədər öndəydiz ki, rəqibin sizə çatması mümkünsüz idi. Aynurun görüşü daha gərgin alındı. Lisenziyanı qızıl xalla qazandı. Bu 4 lisenziya ilə sübut etdiz ki, istənilən yarışda qələbə qazanmaq mümkündür. Biz Sofiyaya 4 parataekvondoçu ilə deyil, 7 nəfərlə də getsəydik, inanırdım ki, hər biri vəsiqə qazanacaqdı. Düzdür, sizdən öncə Olimpiya çempionumuz Radik İsayevin çıxışı hər birimizi məyus etdi. Amma onun uğursuzluğu fonunda siz böyük uğura imza atdız”. 

Onun sözlərinə görə, artıq əsas istək bu uğuru Paralimpiadada davam etdirməkdir: "Bu, birinci mərhələdir. Əsas məqsəd Paralimpiadadadır. İnanırıq ki, Bolqarıstanda göstərdiyiniz döyüşləri Tokioda da göstərəcəksiz və himnimizi səsləndirərək, Vətənə medallarla qayıdacaqsız”. 
 
Niyaməddin Paşayev hazırlıq dövrünü xatırladıb, pandemiya səbəbindən çətinliklər fonunda uğurlu nəticə üçün komandaya təşəkkürünü çatdırıb. O qeyd edib ki, lisenziya yarışında hər bir təmsilçimizin vəsiqə qazanması böyük nailiyyətdir: "Mən Sofiyada parataekvondoçularımızın üzünə baxdıqda, onların gözlərindəki istəyi gördükdə, hər biri ilə fəxr etdim. Hiss olunurdu ki, bütün çətinlikləri arxada qoyublar. Həmin vaxt dedim ki, bunların hər biri lisenziya qazanacaqlar və siz də ümidləri doğrultduz”. 

O, məşqçilər və idmançıları təbrik edərək, Tokio-2020 Yay Paralimpiya Oyunlarında da medal qazanılacağına inam ifadə edib: "Xalqımızın sevindirəcəyinizə, ölkəmizin adını ləyaqətlə tutacağınıza inanıram. Əsas odur ki, Tokioda da Sofiyadakı kimi çıxış edəsiz”.
 
Vüqar Məmmədov da yığma üzvlərini və məşqçi heyətini təbrik edib. O, görüş iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib və bildirib ki, parataekvondoçularımız Tokioda da adlarından söz etdirmək gücündədirlər.  
 
Yığmanın baş məşqçisi Fərid Tağızadə komandasının uğurlu çıxışına sevindiyini vurğulayıb. O bildirib ki, əsas məqsəd lisenziyanı medala çevirməkdir. Tağızadə qeyd edib ki, Paralimpiadada hər çəki dərəcəsində 12 rəqib olacaq və çempionluq üçün 3 qələbə qazanmaq lazımdır: "Türkiyə, Rusiya və Monqolustan yarışa çox ciddi hazırlaşır və fikrimcə əsas rəqiblərimiz sırasında digərlərindən fərqlənirlər. Amma biz də daha da yaxşı forma yığıb, inamlı çıxış edəcəyimizə əminəm. Bu yolda bizə dəstək olan federasiyaya təşəkkür edirəm. Çünki qazandığımız uğur tək bizim deyil, taekvondo ailəsinindir”. 
 
Paralimpiadaya vəsiqə qazanan Aynur Məmmədov isə qələbə təəssüratlarını bölüşüb. Bildirib ki, gərgin döyüşdən sonra hələ də şokdadır: "Hesabda 8:0 hesabı ilə öndəydim. Amma rəqib hesabı necə 15:15-ə gətirdiyimi hələ də fikirləşirəm. Həmin an sanki donmuşdum. Bir anlıq gözümün qarşısına gəldi ki, əziyyətlərimiz, bizə göstərilən dəstək əldən getdi. Sonda 15:15 hesabını saxlamağı düşünürdüm və bunu bacardım. Döyüş qızıl xala getdi. Həmin an var gücümlə zərbə vurdum və lazımı xalı qazandım. Bu mənə daha məsuliyyətli olmağı öyrətdi. Çünki qızıl xal uğrunda döyüş çox qorxuludur. Allaha şükür ki, bunu bacardım. Federasiyaya, müəllimlərimə təşəkkür edirəm. Hədəfim Paralimpiadada qızıl medal qazanmaqdır”. 

Əbülfəz Abuzərli isə bildirib ki, bu uğurun ardı gəlməlidir: "Hər şeyi bir kənara qoyub, yalnız bu yarışı düşünürdük. İndi isə növbəti hədəf Paralimipada çempionluğudur”.
 
Parataekvondo üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Paralimpiya Oyunlarına Sofiyada maksimum - 4 lisenziya qazanıb. Təmsilçilərimizdən Əbülfəz Abuzərli (K-44, 75 kq), İmaməddin Xəlilov (K-44, 61 kq), Röyalə Fətəliyeva (K-44, 49 kq) və Aynur Məmmədova (K-44, + 58 kq) avqustun 24-dən sentyabrın 5-dək Yaponiyanın paytaxtında baş tutacaq Paralimpiadada iştirak hüququna yiyələniblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR