"Qarabağ" Milli Qəhrəmanın xatirəsinə turnir keçirdi

"Qarabağ” Futbol Klubunun və "ASAN Könüllülük” Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xatirəsinə həsr olunmuş "Dostluq” futbol turniri keçirilib.

Sport7.az xəbər verir ki, yarışda 12 qurumun könüllülərindən ibarət komandalarə iştirak edib. 1-ci yer uğrunda həlledici matçda Təhsil könüllülərinin "Bir könüllü” komandası ilə "Ədliyyə könüllüləri” qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan "Bir könüllü” komandası turnirin qalibi olub.

Mükafatlandırma mərasimində Ağdam klubunun direktoru Əmrah Çelikel, "Qarabağ”ımızın baş məşqçisi Qurban Qurbanov və "ASAN Könüllüləri” Təşkilatının sədri Cahangir Hacıyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Cahangir Hacıyev çıxışında dəstəyə görə, "Qarabağ” Futbol Klubuna təşəkkür edib, gənclər arasında belə yarışların keçirilməsinin vacibliyini dilə gətirib. Cahangir Hacıyev mükafatçıları təbrik edərək, turnirin ənənəvi olacağını söyləyib.

Çelikel yarış iştirakçılarını salamlayıb və gənclərin diqqətinin bu əlamətdar təqvim gününə - Allahverdi Bağırovun doğum gününə cəlb edilməsinin əhəmiyyəti barədə danışıb. O, bildirib ki, bu turnirin təşkili şəhid adına verilən yüksək qiymətin təzahürüdür.

Komandanın baş məşqçisi Qurban Qurbanov yarışın əhəmiyyətindən danışaraq bildirdi ki, belə turnirlərin keçirilməsi gənclərin həm fiziki hazırlıqlarına, həm də vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərir. Qurban Qurbanov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Allahverdi Bağırovun xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını qeyd edib: "Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi həmişə hörmətlə anılır. Komandamızın keçmiş futbolçusu və baş məşqçisi olmuş Allahverdi Bağırovla həmişə fəxr edib öyünürük. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

Sonda isə qalib və mükafatçılara diplom və hədiyyələr verilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR