"Setə üstün başlasaq da, onu saxlaya bilmədik" - Millimizin üzvü

Voleybol üzrə millimizin kapitanı Tural Həsənli AVRO-2021-in seçmə mərhələsi çərçivəsində Monteneqro ilə matç barədə fikirlərini açıqlayıb.
 
Sport7.az xəbər verir ki, voleybolçu bunları söyləyib: "Uzun fasilədən sonra ilk rəsmi oyunumuza çıxdıq. Avropa çempionatının təsnifat mərhəsində Gürcüstanda Monteneqro millisi ilə qarşılaşdıq. Görüş rəqib komandanın qələbəsi ilə sona çatdı. İlk iki setdə məğlub olduqdan sonra 3-cü hissəni qalib gəlməyi bacardıq. Amma sonuncu hissədə setə üstün başlasaq da, onu saxlaya bilmədik. Düzdür, görüşdə məğlub olduq. Amma III hissədəki qələbəmiz bizim qarşıdakı oyunlara güvənimizi daha da artırdı. Baş məşqçimiz Pərviz Səmədovun və komanda yoldaşlarımın əzmi sayəsində biz bu hissədə qalib gəldik. Əlbəttə hər bir idmançı  kimi mən və komanda yoldaşlarım da hər zaman meydançaya qələbə qazanmaq üçün çıxırıq. 

Ötən ilin mart ayında koronavirus pandemiyası səbəbindən ölkəmizdə voleybol yarışları və məşqləri dayandı. Biz təsnifat mərhələsinə tam hazırlıqlara aprel ayında start verdik. Düzdür, bu dediklərim bizim bu günkü məğlubiyyətimizə bəraət qazandırmır. Amma bir idmançı üçün uzun zaman idmandan kənar qalmaq ona həm fiziki, həm də psixoloji təsirsiz ötüşmür. Bunları deməkdə məqsədim odur ki, rəqib komandalar il ərzində bizdən fərqli olaraq daha çox məşq edib daha çox oyun oynayıblar. Hazırki durumda rəqiblərimizin fiziki hazırlıqları bizdən üstün olsa da, bu, bizi qorxutmur. Bu gün məğlub olduq, amma bizi qarşıda 5 görüş gözləyir. Komandamıza qarşıdakı matçlarda uğurlar arzu edirəm".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR