"Topu ala bilmirsənsə, vur sındır" - Məşqçilərimizin uşaqlara öyrətdiyi futbol

"Özüm də hirsləndim ki, Zubir oyun başlayandan müdafiəçilərin ardıcıl zərbələrinə məruz qalırdı. Nə mən, nə də futbolçularım indiyədək rəqibə hörmətsizlik etmişik. Son zamanlar bəzi futbolçularıma qarşı aqressiya var. Xüsusən Zubirə qarşı. Çox oyunlar olub ki, özümü saxlayıram, səbrli oluram. Amma futbolçunun da karyerası var, ailəsini bizdə oynaya-oynaya dolandırır. Hər birinin xətrini çox istəyirəm. Bəzi komandalar sırf ona qarşı aqressiv oynayırlar. Bu gün də 5 dəfə ayağından vurdular. Ötən oyun 2 futbolçumuz zədələndi. Qərəzli deməzdim, amma elə epizodlar var ki... Boş-boşuna Zubiri meydandan çıxarmaram. Sadəcə, tövsiyə edirəm ki, rəqibə hörmətlə yanaşsınlar. Dəfələrlə olub ki, futbolçularımızı bilə-bilə zədələyiblər. Bizə qarşı belə oynamaq olmaz! Yenə bütün rəqiblərə hörmətlə yanaşacağıq. Amma bu dərəcədə olmaz".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Dünən kubokun yarıımfinal mərhələsinin ilk görüşləri çərçivəsində baş tutan "Sumqayıt"la qarşılaşmadan sonra Ağdam klubunun çalışdırıcısı oyundan sonra keçirilən mətbuat konfransında rəqibin Abdullah Zubiri sındırma "planını" açıq şəkildə narazılıqla qarşılayıb. Həmişə meydanda baş verənlərə sakit yanaşmağa çalışan, belə məqamlarda özünü saxlayan, "Futboldu, belə şeylər olur" deyib mülayim reaksiya verən Qurban bəy, bu dəfə dözmədi və belə desək, daha kəskin narazılıq etdi. Bəli, haqlı narazılıqdı. Şəxsən mən də sumqayıtlı futbolçuların, nəinki Zubirə, "Qarabağ"ın digər oyunçularına qarşı da necə aqressiv oyun nümayiş etdirdiyinin şahidi oldum. Çox güman, "Sumqayıt"ın məşqçilər korpusu fransalı futbolçunun hansı keyfiyyətə sahib olduğunu bildiyindən kollektivə ona qarşı daha sərt oyun göstərməyi tapşırmışdı. Əlbəttə, bu hardasa anlaşılandı, kubok matçıdı, yarımfinaldı. Hər kəs bu mərhələdə qələbə qazanıb finala adlamaq istəyər. Məşqçi güclü hesab etdiyi rəqibə qarşı sərt oyun göstərməyi tapşıra bilər ki, dünya futbolunda belə hallara çox rast gəlmişik. Amma məsələ burasındadı ki, azərbaycanlı futbolçuların böyük əksəriyyəti "sərtlik" sözünü "kobudluq" kimi anlayır. Yəni bizimkilərə deyəndə, "filankəsə qarşı daha sərt oyna", onlar elə başa düşürlər ki, rəqibi mütləq sındırmaq, zədələmək lazımdı. Eynilə "Qarabağ"ın futbolçularına qarşı göstərilən aqressivlik kimi. Əslində, bu, Azərbaycanda uşaqlıqdan futbolçulara öyrədilən qeyri-peşəkarlıq nümunələrindən biridi. Ölkəmizdə futbolçunu məhz bu cür yetişdirirlər. Uşaqlıqdan xüsusilə də arxa xətt oyunçusu kimi çıxış etmək istəyənlərin beyninə yeridirlər ki, "Gördün topu ala bilmirsən, vur sındır". Tipik, antik düşüncə, türklər demiş, gerizəkalılıq... Sanki rəqibin ayağını sındırmasa, o da gedib qol vursa, həyat bitəcək, futbol qurataracaq və bir daha oynamaq olmayacaq. 

Bu Azərbaycan futbolunun üslubudu, ən qeyri-peşəkar yönlərindəndi. Əlbəttə, bütün bunlar ölkədə uşaq futbolunda çalışan məşqçilərin günahıdı. Məhlə futbolu anlayışıdı. Uşağa topu rəqibdən qaydalar çərçivəsində almağı öyrədə bilməyənlər, əvəzində "vur sındır" anlayışını mənimsədirlər: "Nə edirsən et, rəqib səni keçməsin". Hətta əminəm ki, "eybi yox, yıx yerə, qoy penalti olsun, bəlkə qapıçımız qaytarar" deyənlər də var. Yəni, o məşqçilərin edə bildikləri, futboldan anlayışları budur. Təbii, "məşqçilər" deyəndə hər kəsi nəzərdə tutmuram. Azərbaycanda kifayət qədər yaxşı, ağıllı, bacarıqlı kadrlar var ki, vaxtilə ölkədə həm futbolçu/məşqçi, həm də elə insan kimi sözlərini deyiblər. Təəssüf ki, onların bir çoxunu bu gün AFFA işlə təmin etmək istəmir. Əvəzində isə hər yoldan keçənə kateqoriya verib "məşqçi" adı ilə futbolumuza sırıyan qurum bu baxımdan da qeyri-peşəkar iş gördüklərini açıq şəkildə göstərir. Hər halda futbol savadı, ümumiyyətlə bu idman növü ilə yaxından-uzaqdan əlaqəsi olmayan, amma, məsələn AFFA-nın icraçı vitse-prezidenti (yeri gəlmişkən, bu vəzifəni də elə Məmmədov "kəşf edib") Elxan bəyə qohumluğu, yaxınlığı çatan birinə məşqçi lisenziyası verib futbola urcah edəndə və daha sonra nəticə istəyəndə, təbii ki, o da bu "bacarığını" ortaya qoyacaq. 

Qısası, Azərbaycanda güclü, 4-5 nəfəri bir-birinə qata biləcək səviyyədə texnikalı futbolçu yetişməsinə imkan vermirlər. Belələrini Azərbaycanda sözün həqiqi mənasında sındırırlar, zədələyirlər. Sonra deyirlər ki, "Niyə bizdən 4-5 nəfəri bir-birinə qata bilən futbolçu çıxmır?". Belə istedadlı uşaqların, futbolçuların Azərbaycanda kifayət qədər olduğuna əminəm. Ancaq üzə çıxmırlar. Əslində, müəyyən mənada haqlıdılar da. Vəziyyəti belə görəndən sonra niyə istedadlarını nümayiş etdirmək istəsinlər? Əlbəttə, istəməzlər, can şirin şeydi axı. Bu, "gördün alınmır, vur sındır" təfəkkürü dəyişməyincə, yaxın 100 yox ey, lap 200 il ərzində Azərbaycanda heç olmasa bir Messi, Ronaldo, Ronaldinyo yetişdirmək sevdasından əl çəkməliyik. Olmayacaq, alınmayacaq. Geridəqalmış, sovet dönəmindən bəri nəsildən nəsilə ötürülən düşüncədi ki, hələ də əl çəkib, peşəkarlaşa bilmirik. "Kişi mübarizəsi", "futbol mübarizəsi", "kişilik" hesab edilən bu cılız düşüncələr keçmişdə qalıb cənablar! Modern futbolun tələbləri tam başqadı, peşəkarlıqdı. Bilməyərəkdən, istəmədən yaşanan sındırma, zədələmə hallarına bir söz demirəm. Bundan heç kim sığortalanmayıb. Amma bilərəkdən, kiminsə canı bahasına "uğur" qazanacaqsansa, tüpürələr elə nailiyyətə...

P.S. Messi kimi futbolçunun gəlib Azərbaycanda oynamasını əlbəttə, hər bir azərbaycanlı futbolsevər istəyər. Ancaq onun burada nələr edə biləcəyini bir anlıq təsəvvürümdə canlandırıram və sonra düşünürəm: "Görəsən, yaşıl meydanlarda bizimkilərdən daha səviyyəli, peşəkar və təcrübəli futbolçuları bir-birinə qatan, onlarla "məzələnən" Messi gəlib bir gün Azərbaycanda futbol oynasa, burdan sağ-salamat qayıda bilərmi?"...

Səbuhi Həsənov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR