Yaşarla yaşamaz

Yaşarla yaşamaz

Şəkildə gördüyünüz şəxsin adı YAŞARdı. Özü hələ yaşasa da, Azərbaycan futbolunu yaşatmır!


Görəsən, hansı baş məşqçi 0:7 hesabı ilə uduzduqdan sonra YAŞARdı?


Təbii ki, istefa verən deyil, gözləməyin! Axı uzun illərdi elə U-21-ə baş məşqçi gəlmək arzusu ilə YAŞARdı...


İstefanı boş verək e, heç olmasa görəsən, ötən gecəki biabırçılqıdan, rəzalətdən sonra gözləri YAŞARdı?


0:7 - bu, dəqiq hesabdı, alın ləkəsindi, istefa ərizəsidi, ölüm kağızıdı.    

Beşiyimizdən kənarda "çərçivə"nin keşiyində qapıçının dayanmasına baxmayaraq, millinin hər deşiyindən qol vuran avstriyalılara da min əhsən!

Yeyib-içən oğlanlara da eşq olsun! Ayda bir "nol yeddi"nin maaşını yeyən baş məşqçiyə də, Avstriya millisindən 7 qol yeyən futboçulara da...  

İndi yeddi oğul istərəm! O yeddi oğuldan yox e, vurulan qolları növbə ilə bir-bir qapıdan çıxarsın. Yeddi, daha doğrusu etika xətrinə yaza bilmədiyim oğuldan istərəm ki, Vahabzadəni məşqçilikdən, Elxan Məmmədovu da baş katiblikdən çıxarsın. Bunlara kim verib bu səlahiyyəti ki, hər dəfə uduzub, bizi özümüzdən çıxarsın? 

Berti Foqtsu 0:6-dan sonra çıxarmışıq, rahatıq! Deməli, Yaşar Vahabzadə tamahkarlıq edib, 1 qol artıq yeyib.  Artıq onun da getmək, özünə başqa sənət tapmasının zamanıdı. Bu Yaşarla millimiz çox yaşamaz... 

Düzdü, indi mən yeddi oğul istəyirəm. Bir də gördün ki, bircə dənə də qız gəlini Elxan Məmmədov istəyir. Ayə, bir də gördük ki, millimizin baş məşqçisi Ebru Yaşardı. Gözlərim Yaşardı...

EMİN SƏFƏROV

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR